
Dövlətçilik yalnız hüquqi institutların və siyasi strukturların məcmusu deyil. Dövlətin tarixi yaddaşı, milli kimlik anlayışı və əvvəlki dövlətçilik təcrübələrinin öyrənilməsi də milli dövlətin özünü dərk etməsində mühüm rol oynayır. 1993-cü ildən sonrakı mərhələdə Azərbaycanın tarixi dövlətçilik irsinə münasibət də yeni siyasi məzmun qazandı.
Azərbaycanın Konstitusiyasında xalqın çoxəsrlik dövlətçilik ənənələrinə istinad edilməsi tarixi yaddaşın dövlətin əsas hüquqi sənədində əksini tapmasının nümunəsidir. Preambulada Azərbaycan xalqının öz dövlətçilik ənənələrini davam etdirmək iradəsi ifadə olunur. Bu yanaşma müasir dövlətçiliyin tarixi köklərlə əlaqələndirilməsini göstərir.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik yanaşmasında tarixə münasibətin mühüm xüsusiyyətlərindən biri milli yaddaşın siyasi məqsədlər üçün deyil, dövlətçilik şüurunun formalaşdırılması üçün əhəmiyyət daşıması idi. Tarixi hadisələrin obyektiv öyrənilməsi cəmiyyətin keçmişdən nəticə çıxarmasına və müasir dövlət quruculuğunun mahiyyətini daha yaxşı anlamasına imkan verir.
Tarixi yaddaşın sistemləşdirilməsi xüsusilə müstəqilliyini yeni bərpa etmiş dövlətlər üçün əhəmiyyətlidir. Çünki müstəqilliyin siyasi məzmununun cəmiyyət tərəfindən mənimsənilməsi üçün onun tarixi əsaslarının öyrənilməsi lazımdır. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsi, sovet dövrünün tarixi təcrübəsi və müstəqilliyin bərpası vahid tarixi prosesin müxtəlif mərhələləri kimi araşdırıla bilər.
Bu baxımdan 1993-cü il, 3 oktyabr — Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı. Həmin mərhələdə dövlətçilik yaddaşının qorunması və müasir dövlət institutları ilə əlaqələndirilməsi milli siyasi düşüncənin inkişafının mühüm istiqamətlərindən birinə çevrildi. Tarixi yaddaşın dövlətçilik şüuruna çevrilməsi uzunmüddətli milli inkişaf üçün mühüm amildir.
Ruhən Hüseynova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Puşkin küçəsi, 19” ərazi partiya təşkilatının sədr müavini



