AnalitikaGündəmSiyasət

Üçrəngli Bayraq Ucaldıqca, Azərbaycan Xalqının Ruhunun Qələbəsi Davam Edir

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Azərbaycan dövlətçiliyinin, milli kimliyinin və azadlıq ideallarının rəmzi olaraq xüsusi əhəmiyyət daşıyan tarixi bir gündür. Bu gün ölkəmizdə hər il yüksək qürur hissi ilə qeyd edilir və Azərbaycan xalqının dövlətçilik ənənələrinin davamlılığını nümayiş etdirir. Müasir üçrəngli bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə təsdiqlənmiş və dövlət müstəqilliyimizin bərpasından sonra yenidən rəsmi dövlət bayrağı statusuna qaytarılmışdır.
Azərbaycan bayrağının rəngləri dərin mənaya malikdir. Göy rəng türk mənşəyimizi və milli kimliyimizi ifadə edir. Bu rəng xalqımızın qədim tarixi köklərini və türk dünyasına mənəvi bağlılığını göstərir. Qırmızı rəng müasirlik, inkişaf, demokratiya və dövlət quruculuğu ideyalarının təcəssümüdür. Bu, xalqımızın daim tərəqqiyə, yeniliyə və yüksəlişə can atdığını bildirir. Yaşıl rəng isə İslam mədəniyyətinə bağlılığımızın, mənəvi dəyərlərimizin, milli ruhumuzun və əxlaqi dəyərlərimizin göstəricisidir. Bayrağın üzərindəki səkkizguşəli ulduz və ay işığı isə türk xalqlarının birliyini, milli özünüdərki və Azərbaycan xalqının bəşəri ideallara sadiqliyini simvolizə edir.
Azərbaycan bayrağı zaman-zaman mübarizə, qürur və şərəfin rəmzi olmuşdur. Azərbaycanın müstəqilliyini itirdiyi dövrdə bayraq yalnız xalqın yaddaşında və qəlbində yaşayırdı. Lakin azadlıq ideyası heç vaxt sönməmiş, nəhayət 1991-ci ildə müstəqilliyin bərpası ilə üçrəngli bayrağımız yenidən dövlət səviyyəsində ucaldılmışdır. Bu hadisə Azərbaycan xalqının suverenlik və milli kimlik mübarizəsinin qələbəsi idi.
Bu gün isə üçrəngli bayrağımız Azərbaycanın hər bir guşəsində, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə, diplomatik nümayəndəliklərdə və idman arenalarında qürurla dalğalanır. Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan əsgərləri işğaldan azad edilmiş torpaqlarda dövlət bayrağımızı ucaldaraq tarixi ədaləti bərpa etmiş, xalqımızın şanlı mübarizə iradəsini nümayiş etdirmişlər. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər azad olunmuş şəhər və kəndlərdə üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın milli qürur tarixinin ən parlaq səhifələrindəndir.
9 Noyabrın dövlət bayrağı günü kimi qeyd edilməsi isə həm tarixi yaddaşın qorunması, həm də gənc nəslin milli ruhda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün insanlarda vətənpərvərlik hisslərinin möhkəmlənməsinə, dövlət rəmzlərinə dərin hörmət və sevgiyə, milli kimlik şüurunun formalaşmasına xidmət edir.
Bayrağımız həmişə ucalarda dalğalansın!

Aida Əliyeva
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button