
Azərbaycan xalqı üçün 9 Noyabr xüsusi bir tarixdir. Bu gün ölkəmizin müstəqilliyinin, azadlıq ruhunun və milli kimliyinin rəmzi olan Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər il bu tarixdə ölkənin bütün bölgələrində üçrəngli bayrağımız ucaldılır, müxtəlif tədbirlər keçirilir və xalqımız öz dövlət rəmzlərinə olan dərin hörmətini nümayiş etdirir.
1918-ci il noyabrın 9-da qəbul edilən üçrəngli bayraq, xalqımızın milli dövlətçilik tarixində əvəzsiz bir hadisə idi. Bu bayraq Azərbaycan xalqının azadlıq, birlik və inkişaf arzularının təcəssümüdür. Üç rəngin hər biri dərin mənaya malikdir: mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirlik və inkişafı, yaşıl rəng isə islam mədəniyyətinə mənsubiyyətimizi ifadə edir. Ortadakı ağ aypara və səkkizguşəli ulduz isə müsəlman dünyasına məxsusluğu və türk xalqlarının birliyini simvolizə edir. Sovet dövründə bu bayraqdan istifadə qadağan olunsa da, xalqımızın yaddaşından heç vaxt silinmədi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq yenidən ucaldıldı.
Bu tarixi addım ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə atıldı və daha sonra 1991-ci ildə Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. Bu gün üçrəngli bayraq yalnız dövlət qurumlarında deyil, hər bir azərbaycanlının ürəyində ucalır. O, Vətən müharibəsində qazanılan qələbənin, torpaqlarımızın azad edilməsinin və milli birliyimizin rəmzinə çevrilib. Qürurla dalğalanan bayrağımız azad Azərbaycanın simvolu, müstəqil dövlətimizin şərəfidir.
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 Noyabr Dövlət Bayrağı Günü elan edildi. O vaxtdan etibarən bu gün hər il dövlət səviyyəsində qeyd olunur, gənc nəsildə vətənpərvərlik ruhu daha da möhkəmlənir. Bu bayraq altında birləşən Azərbaycan xalqı keçmişindən qürur duyur, gələcəyə inamla baxır. Çünki bayraq – sadəcə bir parça deyil, xalqın azadlığı, qüruru və milli kimliyi deməkdir. 9 Noyabr – bu dəyərlərin əbədiyyətə qovuşduğu gündür.
Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,
məsləhətçi



