
“Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana həyata keçirdiyi dövlət səfəri postsovet məkanında və Türk dünyasında formalaşmaqda olan yeni geosiyasi arxitekturanın mühüm tərkib hissəsi kimi tarixə düşdü. İki dövlət arasında münasibətlərin ən yüksək səviyyəyə qaldırılması qlobal və regional miqyasda mühüm strateji addım hesab olunur. Dövlət başçısının açıq şəkildə vurğuladığı “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” bəyanatı tərəflərin həm beynəlxalq platformalarda, həm də iqtisadi və təhlükəsizlik sahəsində bir-birinə qeyd-şərtsiz dəstək verəcəyinin əsas təminatıdır. İmzalanan çoxsaylı sənədlər paketi, xüsusilə yeni mərhələnin əsasını qoyan Çolpon-Ata Bəyannaməsi bu böyük siyasi iradənin yaxın gələcəkdə hər iki xalqın rifahına xidmət edəcək real fəaliyyət proqramıdır. Səfər çərçivəsində Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunması isə ölkəmizin geosiyasi nüfuzunun Qafqazın hüdudlarını aşaraq geniş Avrasiya məkanında əsas söz sahiblərindən birinə çevrildiyini tam olaraq təsdiqləyir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov yazıb.
Rəşadət Xalıqov bildirib ki, müttəfiqlik təkcə siyasi bəyanatlarla yox, həm də birbaşa konkret iqtisadi mexanizmlərlə möhkəmləndirilir. Bu baxımdan birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması tərəflərin uzunmüddətli iqtisadi əməkdaşlıqda nə qədər iddialı olduğunu nümayiş etdirir. Fondun həyata keçirdiyi çoxsaylı layihələr sayəsində yeni iş yerləri və birgə istehsal müəssisələri yaradılır ki, bu da ikitərəfli əlaqələrin iqtisadi potensialını ciddi şəkildə artırır. Eyni zamanda, İssık-Kulun sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilən və ölkəmizin paytaxtının adını daşıyan ilk beşulduzlu “Bakı” hotelinin açılışı qarşılıqlı fəaliyyətin praktiki və çox uğurlu bəhrəsidir. İki dövlət arasındakı müttəfiqliyin ən güclü dayaqlarından biri də xalqları birləşdirən ortaq tarix, mədəniyyət və görkəmli şəxsiyyətlərə olan yüksək ehtiramdır. Qırğızıstanın işğaldan azad edilmiş Ağdam rayonunda qırğız xalqının milli qəhrəmanı Manasın adını daşıyan məktəb inşa etməsi son 30 il ərzində zərər çəkmiş Qarabağın bərpası işinə göstərilən güclü siyasi və qardaşlıq dəstəyinin rəmzidir. Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması, onun adını daşıyan parkın, eləcə də Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının fəaliyyət göstərməsi humanitar tellərin nə qədər qırılmaz olduğunu nümayiş etdirir.
Onun sözlərinə görə, eyni zamanda, qarşılıqlı olaraq keçirilən Mədəniyyət Günləri hər iki ölkədə cəmiyyətlərin bir-birinə daha da yaxınlaşmasını təmin edərək olduqca müsbət ictimai ab-hava formalaşdırır. Münasibətlərin zirvəsini simvolizə edən ən mühüm detal isə liderlərin bir-birinə olan ali etimadının göstəricisi olaraq Prezident İlham Əliyevin 1-ci dərəcəli “Manas” ordeni ilə, Prezident Sadır Japarovun isə Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsidir.



