Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub.Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədi olan rayonlarımızdandır. Qubadlının azad olunması ilə Ermənistanla rəsmi dövlət sərhədinin bərpası prosesi başladı, rayonun digər kəndlərinin azad olunması imkanları genişləndi.
Beləliklə Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 2020-ci il 23 dekabr tarixində Ali Baş Komandan Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.
Qubadlı şəhəri günü həm də şəhərin əhalisi üçün bir bayramdır. Şəhərin azad edilməsi ilə burada yenidən həyat canlanmağa başladı və vətəninə qayıdan insanlar şəhərin bərpası və inkişafına öz töhfələrini verməyə çalışırlar. Hər il bu əlamətdar gün münasibətilə Qubadlıda müxtəlif tədbirlər, mərasimlər keçirilir, şəhərin tarixi, mədəniyyəti və qəhrəmanlıq mübarizəsi yad edilir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərdə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.
Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini



