
2025-ci il oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Bu mötəbər toplantıya ev sahibliyi edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında türk dünyasının birliyi və gələcək inkişaf istiqamətləri barədə mühüm mesajlar verdi. Prezident qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, qlobal miqyasda nüfuzlu siyasi və iqtisadi mərkəzə çevrilməkdədir. O, Qəbələnin qədim tarixini xatırladaraq vurğuladı ki, bu torpaq türk dünyasının mədəni və tarixi köklərinin bir parçasıdır.
İlham Əliyev çıxışında sülh və təhlükəsizlik məsələlərinə xüsusi diqqət çəkərək bildirdi ki, regional sabitlik bütün üzv dövlətlərin inkişafı üçün əsas şərtdir. Prezident türk dövlətləri arasında ortaq hərbi təlimlərin və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsini təklif etdi. O, həmçinin təşkilatın institusional imkanlarının artırılmasının vacibliyini qeyd edərək “TDT+” formatının yaradılmasını dəstəklədi. Azərbaycanın TDT Katibliyinə iki milyon ABŞ dolları məbləğində yardım ayırması ölkəmizin təşkilata verdiyi önəmi nümayiş etdirdi. İlham Əliyev çıxışında, həmçinin, Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində inşa olunacaq məscidin təməlqoyma mərasimindən danışdı.
Prezident bu addımı türk həmrəyliyinin mənəvi simvolu kimi dəyərləndirdi. O, bütün qardaş ölkə rəhbərlərini həmin mərasimdə iştirak etməyə dəvət etdi. Çıxışında dövlət başçısı bir daha vurğuladı ki, türk dünyasının birliyi gələcəyin güc mənbəyidir. Zirvə görüşü Türk Dövlətləri Təşkilatının həm siyasi, həm də iqtisadi inteqrasiyasına yeni nəfəs verdi. İlham Əliyevin Qəbələ çıxışı həm strateji baxımdan, həm də mənəvi mesajları ilə yadda qaldı. Bu nitq türk dünyasının gələcək əməkdaşlıq modelinin əsas istiqamətlərini müəyyənləşdirdi.
Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi