
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü bu il Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdi. Qədim və əzəmətli Qarabağın mərkəzi olan Xankəndi şəhəri bu mötəbər tədbirə ev sahibliyi etməklə həm regional tarixdə, həm də diplomatik məkanlarda yeni səhifə açdı. Prezident İlham Əliyev iştirakçıları “qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” sözləri ilə salamlayaraq ölkənin suverenliyi və ərazi bütövlüyünün təmin olunduğu bir reallığı dünyaya çatdırdı.
Zirvə görüşünün açılışında Prezident İlham Əliyev Qazaxıstan Respublikasına ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkür edərək, təşkilatın gələcək fəaliyyətində əməkdaşlıq ruhunun daha da dərinləşəcəyinə inamını ifadə etdi. Qazaxıstanın rəhbərliyi dövründə həyata keçirilən təşəbbüslər və görülən işlər yüksək qiymətləndirildi, bu isə təşkilat üzvləri arasında güvən və həmrəyliyin əsas sütun olduğunu göstərdi.
Azərbaycanın ECO çərçivəsindəki fəal mövqeyi Zirvə görüşlərinin tarixindən də aydın görünür. Belə ki, bu, ölkəmizin artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi etməsidir. Daha əvvəl bu mühüm toplantı 2006-cı və 2012-ci illərdə Bakıda keçirilmişdi. Bu göstərici Azərbaycanın regional əməkdaşlığa verdiyi dəyəri və İƏT daxilində artan nüfuzunu əks etdirir.
Xankəndidə baş tutan bu Zirvə görüşü təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm bir hadisə kimi tarixə düşdü. Qarabağın dirçəlişinin mərkəzinə çevrilmiş Xankəndidə keçirilən tədbir, həmçinin Azərbaycanın dünya ilə inteqrasiyasının yeni mərhələsinin nişanəsi oldu.
YAP Xəzər rayon təşkilatının fəalı
Fatimə Axundzadə