AnalitikaGündəmSiyasət

Qarabağda Dirçəliş: Tarixdən Gələcəyə

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində hazırda sürətli və əhatəli bərpa-quruculuq işləri həyata keçirilir. Bu torpaqlarda hər daş, hər bina Azərbaycanın zəhməti, iradəsi və gələcəyə olan inamı ilə yenidən doğulur. İşğaldan azad edilmiş ərazilərdə yollar, məktəblər, xəstəxanalar, elektrik və su infrastruktur layihələri ardıcıl şəkildə reallaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji yanaşma, bölgənin tamamilə yeni həyatla dirçəlməsinə səbəb olub.
Tarixi faktlar isə bu günkü inkişafın nə qədər çətinliklərlə əldə olunduğunu göstərir. Ermənistan, təxminən 30 il ərzində Azərbaycanın ərazilərinin 20 faizini işğalda saxlayıb. Bu dövrdə aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdundan qovularaq məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdi. Bu, yalnız hərbi deyil, həm də insani faciə idi.
İşğal dövründə infrastruktur dağıdılmış, şəhər və kəndlər yerlə-yeksan edilmiş, dini və mədəni abidələr təhqir olunmuşdur. Lakin Azərbaycan bu dağıntıları arxada qoyaraq yeni gələcək qurmağa başlayıb. Bu gün regionda həyata keçirilən layihələr təkcə fiziki bərpa deyil, həm də milli ruhun, ədalətin və kimliyin yenidən bərpasıdır.
İndi Qarabağ və Şərqi Zəngəzur sadəcə coğrafi ərazi deyil, həm də milli iradənin simvoludur. Genişmiqyaslı yenidənqurma prosesi, eyni zamanda, Azərbaycanın qələbədən sonra da sülhə, inkişafa və birlikdə yaşamağa hazır olduğunu göstərir. Bu yolda atılan hər addım gələcək nəsillər üçün daha güclü, daha firavan bir vətən qurmağa xidmət edir.

YAP Xəzər rayon təşkilatının fəalı
Nigar Cəlalova

Oxşar Xəbərlər

Back to top button