
Müstəqil xarici siyasət dövlətin milli maraqlarını qoruması və beynəlxalq münasibətlərdə öz mövqeyini sərbəst müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra suveren qərarvermə, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərini xarici siyasətinin əsas istiqamətləri kimi müəyyənləşdirib. AQEM-in Bakı Zirvə Görüşü bu siyasətin beynəlxalq platformada təqdim olunması üçün mühüm imkan yaratdı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın bərabərhüquqluluq, daxili işlərə qarışmamaq, ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinə əsaslanan müstəqil xarici siyasət həyata keçirdiyini bildirdi. Bu prinsiplər dövlətlər arasında etimadın qorunması və qarşılıqlı münasibətlərin hüquqi əsaslarla qurulması üçün vacibdir. Azərbaycanın beynəlxalq platformalarda bu mövqeyi ardıcıl şəkildə ifadə etməsi xarici siyasətinin əsas xüsusiyyətlərindən biridir.
Azərbaycanın müxtəlif dövlətlərlə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əlaqələri müstəqil xarici siyasətin praktik nəticələrini əks etdirir. Ölkəmiz həm ikitərəfli münasibətləri, həm də çoxtərəfli platformalarda əməkdaşlığı inkişaf etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əlaqələr Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunun artmasına və regional təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir.
AQEM çərçivəsində Azərbaycanın sədrliyi təşkilatın inkişafına yönəlmiş təşəbbüslərlə müşayiət olunub. Nəqliyyat, rəqəmsallaşma, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi dövlətlər arasında qarşılıqlı fəaliyyət imkanlarını genişləndirib. Laos Xalq Demokratik Respublikasının üzv qəbul edilməsi və sədrliyin uzadılmasına dəstək verilməsi təşkilat daxilində əməkdaşlığın davam etdirilməsi üçün zəmin yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil xarici siyasəti milli maraqların müdafiəsi ilə beynəlxalq əməkdaşlığın inkişafını birləşdirir. Bakı Zirvə Görüşündə səsləndirilən fikirlər ölkəmizin suveren qərarverməyə və bərabərhüquqlu münasibətlərə verdiyi əhəmiyyəti nümayiş etdirdi. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal iştirakını və tərəfdaşlıq imkanlarının genişləndirilməsini dəstəkləyir.
Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri



