AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasını tarixi nailiyyət kimi qiymətləndirir

Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətçilik tarixində mühüm mərhələdir. Uzun illər davam edən işğal ölkənin təhlükəsizliyinə, əhalinin həyatına və sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdi. AQEM-in 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin bu tarixi prosesə geniş yer ayırması Azərbaycanın keçdiyi yolu beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından əhəmiyyətli oldu.

Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizinin 30 il ərzində işğal altında qaldığını xatırlatdı. Bu müddətdə bir milyon azərbaycanlı doğma yurdlarından qovulmuş, şəhər və kəndlər dağıdılmışdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər icra olunmaması münaqişənin həllini gecikdirən amillərdən biri kimi diqqətə çatdırıldı.

2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. Azərbaycan Ordusu 44 gün ərzində döyüş meydanında mühüm uğurlar əldə etdi və çoxsaylı yaşayış məntəqələrini işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixli bəyanatdan sonra hərbi əməliyyatlar dayandırılsa da, ölkənin suverenliyinin tam bərpası prosesi davam etdi.

2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağda dövlət suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyev bu hadisəni separatizmin sona çatdırılması və ölkənin ərazi bütövlüyünün təmin olunması baxımından mühüm nəticə kimi təqdim etdi. Bununla Azərbaycan öz ərazisində konstitusiya quruluşunun bərpasını təmin etdi.

Ərazi bütövlüyünün bərpası Azərbaycanın gələcək inkişafı və regionda davamlı sülhün qurulması üçün yeni imkanlar yaratdı. Prezident İlham Əliyev müharibədən sonra Ermənistana sülh təklif edildiyini və qisas siyasətinin seçilmədiyini vurğuladı. Bu mövqe Azərbaycanın öz suverenliyini müdafiə etməklə yanaşı, regional sabitliyin möhkəmləndirilməsinə də önəm verdiyini göstərir.

Əminə Kərimova,
YAP Nizami rayon təşkilatının “Nəsimi küçəsi, 34” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button