
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN telekanalına müsahibə verib. Dövlət başçısı müsahibə zamanı ölkəmizin beynəlxalq arenadakı mövqeyi, iqtisadi inkişafı, xarici siyasəti və strateji tərəfdaşlıqları barədə mühüm məqamlara toxunub.
İlk növbədə, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin edib və bu istiqamətdə ciddi addımlar atıb. Hazırda ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı və sabit mövqe tutur. Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə də Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlığı böyük proses kimi qiymətləndirilir.
Ölkəmizin xarici siyasətində şaxələnmiş və tarazlı yanaşma mühüm yer tutur. Prezident İlham Əliyev qeyd edib ki, bu siyasət təkcə diplomatik addımlara deyil, mahiyyətə əsaslanır. Azərbaycan, eyni zamanda, daxili işlərə müdaxilədən qorunmağa nail olub və öz milli maraqlarını müdafiə etməkdə qətiyyətlidir.
Azərbaycanın Çinlə münasibətləri xüsusi diqqət çəkir. İki ölkə arasında strateji tərəfdaşlıq üzrə Bəyannamə qəbul edilib. Bundan əlavə, Çin vətəndaşları üçün viza tələbinin aradan qaldırılması iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə şərait yaradır. Prezident İlham Əliyev bildirib ki, hazırda Çin şirkətləri təkcə xidmət və texnologiya təminatında deyil, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. Çin iqtisadiyyatının sabitliyi də qlobal iqtisadiyyatın mühüm amili kimi qiymətləndirilir.
Dövlət başçısı Azərbaycan və Şanxay Əməkdaşlıq Təşkilatı arasında çox yaxşı və dost münasibətlərin mövcud olduğunu vurğulayıb. Bununla yanaşı, dünyada kiçik ada dövlətlərinin mövcudluğuna yaranan təhlükələrin də qlobal problem olduğu qeyd edilib.
Azərbaycanın iqtisadi uğurları da müsahibənin əsas mövzularından biri olub. Prezident İlham Əliyev yoxsulluq səviyyəsinin təxminən 5 faizə endirildiyini, əldə olunan gəlirlərlə yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya qoyulduğunu diqqətə çatdırıb. Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirildiyi və bunun ölkəmizin tranzit imkanlarını daha da artırdığı bildirilib.
Azərbaycanın ABŞ ilə münasibətləri də müsahibədə geniş müzakirə olunub. Prezident qeyd edib ki, bu əlaqələrdə yeni dövr başlanıb və bu, hər iki tərəfin maraqlarına xidmət edir. ABŞ-dakı dəyişikliklərlə bağlı narahatlıq üçün ciddi səbəb olmadığı vurğulanıb.
Dövlət başçısı müsahibə zamanı həmçinin liderlik prinsiplərinə toxunaraq, liderin ədalətli olması zərurətini qeyd edib. Azərbaycan isə qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır və daim yeni məqsədlərə sahibdir.
Cəvahir Rəsulzadə,
Maştaağa qəsəbəsi, 128 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi