
Azərbaycan bu gün regionun hərbi-texnoloji mərkəzlərindən birinə çevrilməkdədir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsulların ixracı ölkəmizin sənaye potensialının və texnoloji imkanlarının real göstəricisidir. Bu nailiyyətlər yalnız hərbi sahənin deyil, eyni zamanda elmi və istehsal sinerjisini əks etdirir. Yerli mühəndislik məktəbinin formalaşması və istehsal gücünün artması Azərbaycanın müdafiə sənayesini beynəlxalq səviyyəyə daşıyır.
Ölkənin müdafiə siyasətində əsas məqsəd müasir, çevik və yüksək texnologiyalı silah istehsalını təmin etməkdir. Son illərdə bir çox dövlərlə imzalanan əməkdaşlıq müqavilələri Azərbaycanın məhsullarına olan etimadı artırmışdır. İxrac olunan hərbi vasitələr həm keyfiyyət, həm də etibarlılıq baxımından dünya standartlarına cavab verir və bu da Azərbaycan brendinin formalaşmasına səbəb olur.
Bu gün özəl şirkətlərin də hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olması sahədə rəqabəti və innovasiyanı gücləndirib. Dövlət-özəl sektor tərəfdaşlığı yeni istehsal modelləri yaradaraq həm iqtisadi gəlir, həm də təhlükəsizlik üstünlüyü təmin edir. Bu, həm də Azərbaycanın texnoloji müstəqilliyinə doğru atılmış mühüm addımdır.
Müdafiə sənayesində əldə olunan nailiyyətlər göstərir ki, Azərbaycan təkcə istehlakçı deyil, eyni zamanda istehsalçı və ixracatçı ölkədir. Bu istiqamətdə atılan hər addım həm iqtisadi gücümüzü artırır, həm də ölkəmizin strateji maraqlarını daha etibarlı şəkildə qorumağa imkan verir.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



