
Kəlbəcərin azad olunması yalnız hərbi qələbə deyil, həm də xalq-ordu-iqtidar birliyinin, milli həmrəyliyin və siyasi iradənin təcəssümüdür. Prezident İlham Əliyev çıxışında 1993-cü ildə Kəlbəcərin işğalını Azərbaycanın ən böyük faciələrindən biri kimi xatırlatdı. Həmin dövrdəki siyasi xəyanətlər və müdafiəsiz vəziyyət nəticəsində Şuşa, Laçın və Kəlbəcər ard-arda işğal edilmişdi.
Uzun illər beynəlxalq danışıqlar heç bir nəticə vermədi, lakin Azərbaycan xalqı tarixi ədalətin bərpasının yalnız güclü ordu və dövlət ilə mümkün olduğunu yaxşı bilirdi. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və hərbi islahatlar ölkəni gücləndirdi, milli suverenliyi təmin etdi və işğal altındakı torpaqların azad olunmasına zəmin yaratdı.
44 günlük Vətən müharibəsi nəticəsində Kəlbəcər, Laçın və Ağdam bir güllə atılmadan Azərbaycana qaytarıldı. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatları isə qondarma qurumun bütün hərbi-siyasi strukturlarını ləğv etdi və Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Bu hadisələr xalqın qəhrəmanlığı və dövlətin uzaqgörən siyasətinin parlaq nəticəsidir.
Kəlbəcərin bərpası və yenidən qurulması da bu uğurun davamıdır. Yeni yaşayış kompleksləri, məktəblər və sosial obyektlər sürətlə tikilir, şəhərin infrastrukturunun yenilənməsi xalqımıza gələcək inkişaf üçün ümid verir.
Yeni Azərbaycan Partiyasının fəalı
Mehriban Nadirova