
2025-ci il mayın 6-da Prezident İlham Əliyevin Vyetnamın dövlət informasiya agentliyi “Vietnam News Agency”yə verdiyi müsahibə, Azərbaycan–Vyetnam münasibətlərinin indiki vəziyyəti və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Bu müsahibə, mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana planlaşdırılmış dövlət səfəri ərəfəsində baş tutmuşdur və iki ölkə arasında dostluğun və əməkdaşlığın dərinləşməsini bir daha nümayiş etdirmişdir.
Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. İllər ərzində bu əlaqələr qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etmişdir. Müxtəlif səviyyəli rəsmi səfərlər və imzalanan sazişlər, bu münasibətlərin möhkəmləndirilməsinə xidmət etmişdir. Hazırda iki ölkə arasında diplomatik, siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq uğurla davam etdirilir.
Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı , qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi , ticarət , elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiya yaradılıb.
Xarici İşlər nazirliklərinin xətti ilə siyasi məsləhətləşmələr aparılır. onlardan sonuncusu bu il aprelin ikinci yarısında keçirilib. Hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir.
Azərbaycan və Vyetnam arasında neft sahəsində də qarşılıqlı fəaliyyət mövcuddur. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır. Çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Mədəniyyət ,humanitar və təhsil sahələrində Azərbaycan və Vyetnam arasında əməkdaşlıq sovet dövrünə gedib çıxsa da son illərdə də inkişaf edib. 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet – Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib , onun premyerası 2023-cü ildə Hanoyda olub.
Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb , onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilmişdir.
2024-cü ildə Bakıda Vyetnam əsgərlərinin Vyetnam müharibəsində göstərdikləri qəhrəmanlıqlara həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi.
Cənab Prezident İlham Əliyevin belə hesab edir ki, Azərbaycan və Vyetnam arasında ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlar mövcuddur. İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.
Müsahibə zamanı Prezident İlham Əliyev vurğuladı ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək.
Prezident İlham Əliyevin Vietnam News Agency-yə verdiyi müsahibə, Azərbaycan–Vyetnam əlaqələrinin strateji müstəviyə keçdiyini nümayiş etdirən mühüm diplomatik addım olmuşdur. Bu müsahibə vasitəsilə Azərbaycanın Asiya-Sakit okean regionu ilə əlaqələrinin genişlənməsi siyasəti bir daha öz təsdiqini tapmışdır. Mövcud əməkdaşlıq platformaları və qarşılıqlı siyasi iradə, gələcəkdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə zəmanət verir.
Kərimova Aygül,
Xəzər rayonu, 262 saylı tam orta məktəbin tarix müəllimi