
Azərbaycan və Vyetnam arasında 7 may 2025-ci il tarixində imzalanan iki mühüm sənəd – “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” və “Energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” – iki ölkə arasında münasibətləri tamamilə yeni müstəviyə çıxardı. Bu sənədlər yalnız diplomatik protokolun tələbi deyil, qarşılıqlı strateji maraqların təməli kimi dəyərləndirilir.
Birgə Bəyanatla Bakı və Hanoy siyasi əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Bu, gələcək illərdə daha sıx və institusional əməkdaşlığın başlanğıc nöqtəsi hesab edilir. Sənəddə qeyd olunan qarşılıqlı hörmət, ərazi bütövlüyünün tanınması və müstəqil siyasətə dəstək kimi prinsiplər iki ölkənin qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərini gücləndirir.
Energetika üzrə Anlaşma Memorandumu isə praktik istiqamətləri özündə ehtiva edir. Bu sənəd çərçivəsində Azərbaycanın enerji təcrübəsi ilə Vyetnamın inkişaf edən sənaye potensialı arasında sinergiya yaradılması planlaşdırılır. Xüsusilə bərpa olunan enerji, qaz texnologiyaları və enerji infrastrukturunun inkişafı üzrə təcrübə mübadiləsi gündəmdədir.
Bu imzalar təkcə bugünkü siyasi iradənin nəticəsi deyil, həm də regionlararası əməkdaşlıq üçün nümunəvi bir modelin əsasını qoyur. Hər iki sənəd, Azərbaycan və Vyetnam arasında dərinləşən əməkdaşlığın uzunmüddətli və davamlı xarakter daşıdığını göstərir.
Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı