AnalitikaGündəmSiyasət

Füzulinin Azadlığı və Dirçəlişinin Tarixi Günüdür

17 oktyabr Azərbaycan xalqının yaddaşında qürur, sevinc və iftixar günü kimi əbədiləşib. Məhz həmin gün – 2020-ci ilin 17 oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qəhrəmanlıq nümunəsi göstərərək işğal altında olan Füzuli şəhərini Ermənistan silahlı qüvvələrindən azad etdi. Bu tarixi hadisə təkcə bir şəhərin deyil, bütöv bir regionun azadlıq simvoluna çevrildi.Füzulinin azad olunması 27 il davam edən işğalın sonuna doğru atılan mühüm addımlardan biri idi. Bu qələbə Cəbrayıl, Zəngilan və Qubadlının azad edilməsinə aparan qətiyyətli hərbi əməliyyatların əsasını qoydu. Füzuli uğrunda gedən döyüşlər Azərbaycan əsgərinin əyilməz iradəsini, xalqın birliyini və dövlətimizin hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Füzuli şəhəri 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, şəhər tamamilə viran edilmişdi. On illərlə Füzuli sakinləri doğma yurd həsrəti ilə yaşamış, Vətən torpağının azad ediləcəyi günü səbirsizliklə gözləmişdilər. 2020-ci ilin payızında bu arzu reallığa çevrildi. 17 oktyabrda Azərbaycan bayrağı yenidən Füzuli üzərində dalğalandı.Prezident İlham Əliyevin həmin gün xalqımıza müraciətində dediyi “Füzuli şəhəri azaddır!” kəlmələri xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Bu xəbər təkcə Füzuli sakinlərinin deyil, bütün Azərbaycanın qəlbini sevinclə doldurdu. Həmin gündən etibarən 17 oktyabr Füzuli şəhəri günü kimi qeyd edilir və bu gün həm Zəfər, həm də yenidənqurma ruhunu təcəssüm etdirir.Azadlıqdan sonra Füzuli şəhərində genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Füzuliyə səfər edərək yeni layihələrin təməlini qoyublar. Qısa zamanda şəhərin infrastrukturunun bərpası, yolların, körpülərin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi həyata keçirilib.

Füzuli şəhəri bu gün “ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulur. Burada ekoloji baxımdan təmiz, müasir texnologiyalara əsaslanan, enerji səmərəli binalar və sistemlər yaradılır. 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı regionun inkişafına mühüm təkan verdi. Qısa müddətdə inşa edilən bu hava limanı Füzulinin Qarabağın hava qapısına çevrildiyini göstərdi.Bütün bu işlər, şübhəsiz ki, dövlətimizin postmüharibə dövründə Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdiyi böyük önəmin bariz nümunəsidir. Füzuli artıq yalnız tarixi şəhər deyil, həm də azadlıq, yenidən doğuluş və inkişaf rəmzinə çevrilib.

Bu gün Füzulidə həyat yenidən qaynayır. Doğma yurdlarına qayıdan füzulililər illərlə həsrətini çəkdikləri torpaqda yeni həyat qururlar. Füzuli sakinlərinin simasında gələcəyə inam, dövlətə və Ali Baş Komandana dərin minnətdarlıq hissi aydın görünür.17 oktyabr – Füzuli şəhərinin azad olunduğu gün təkcə bir şəhərin qurtuluşu deyil, həm də Azərbaycan xalqının iradəsinin, birliyinin və qəhrəmanlığının rəmzidir. Bu gün Füzuli dirçəlişin, yeniləşmənin və böyük qayıdışın canlı təcəssümüdür.

Günel Nəsibova
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button