
2020-ci ilin Vətən müharibəsi Azərbaycanın tarixi yaddaşına əbədi yazılmış qəhrəmanlıq salnaməsidir. Bu Zəfərin ən parlaq simvollarından biri isə məhz Füzuli şəhəridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 17 oktyabr 2020-ci ildə Füzulini işğaldan azad etməklə, həm hərbi-strateji, həm də mənəvi baxımdan tarixi ədaləti bərpa etmişdir.
Füzulinin azad edilməsi yalnız bir şəhərin geri qaytarılması deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində dönüş nöqtəsi idi. Prezident İlham Əliyevin “Füzulinin azad edilməsi bizim qəhrəman ordumuzun şücaətinin təcəssümüdür” sözləri bu hadisənin dövlətçilik tariximizdəki əhəmiyyətini tam şəkildə ifadə edir.
Vətən müharibəsindən sonra Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilməyə başlanmışdır. Qısa müddətdə şəhərin infrastruktur sistemi tamamilə yenilənmiş, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir. Bu hava limanı Qarabağa açılan hava qapısı olmaqla yanaşı, Azərbaycan dövlətinin gücünü və iradəsini təcəssüm etdirən mühüm strateji layihədir.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuliyə mütəmadi səfərləri bu bölgəyə göstərilən xüsusi diqqətin və qayğının bariz nümunəsidir. Şəhərdə “ağıllı” idarəetmə sisteminə əsaslanan yeni yaşayış massivləri, məktəblər, xəstəxanalar, sosial obyektlər, eləcə də müasir enerji və nəqliyyat infrastrukturu yaradılır.
Füzulidə aparılan yenidənqurma işləri Böyük Qayıdış proqramının mərkəzi istiqamətlərindən biridir. Bu proses təkcə şəhərin fiziki bərpasını deyil, həm də milli ruhun, Vətən sevgisinin və azadlıq ideallarının yenidən doğuluşunu təcəssüm etdirir.
Bu gün Füzuli işğaldan azad edilmiş torpaqlarımızın simvolu, qalib xalqın iradə və birliyinin göstəricisidir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Füzuli qısa zamanda dağıntılardan inkişaf və rifah mərhələsinə yüksəlmiş, Qarabağın bərpasında avanqard rola malik şəhərə çevrilmişdir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi