DGK: Tranzit yükdaşımalar beynəlxalq ticarətin inkişafına imkan verir

Tranzit yükdaşımalar beynəlxalq ticarətin inkişafı və ölkə iqtisadiyyatının artmasına imkan verir. Azərbaycanda beynəlxalq tranzit sistemlərinə qoşulmaq istiqamətində dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilir.
Carixeber.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Baş idarə rəisinin müavini Kənan Əsədov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.
O bildirib ki, ticarət axınlarının fasiləsiz hərəkəti yalnız texniki infrastrukturdan deyil, həm də rəqəmsallaşmadan asılıdır.
“Orta Dəhliz boyu ticarət axınlarının, logistikanın artdığını görürük və bu, ümumilikdə regionda yeni bir logistika modelini yaradır. Bu modelin yaranması zamanı ticarət axınlarında ödənişlərin edilməsi və zəmanət sisteminin olması çox vacibdir. Bu nöqteyi-nəzərdən, hazırda Azərbaycanın bir çox qurumlarının birgə iştirakı ilə ticarət axınlarının, tranzitin sürətlənməsi və şaxələnməsi yönündə birgə islahatlar aparılır və beynəlxalq tranzit sistemlərinə qoşulmaq üçün birgə işlər görülür. Rəqəmsallaşma ümumi işin irəliləməsinə xidmət edir”, – deyə K.Əsədov vurğulayıb.



