
Azərbaycan Prezidenti cənab ilham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Müsahibədə vurğulanıb ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Mütəmadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur, münasibətlər günü-gündən möhkəmlənir. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb. Son 30 il ərzində iki dövlət arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub və siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. beynəlxalq təsisatlar çərçivəsində iki dost ölkə arasında çox yaxşı əməkdaşlıq əlaqələri yaradılıb. Hər iki dövlət rəhbərləri və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müxtəlif müxtəlif beynəlxaq toplantı və görüşlərdə ölkələrimiz həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər.
Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Azərbaycan Çinlə həm də enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. Ölkə başçısı cənab İlham Əliyev öz müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Hazırda ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.
Qeyd edilməlidir ki, tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir.
Süsən Qulamova,
187 saylı orta məktəbin müəllimi