
Azərbaycanın iqtisadi siyasətində qeyri-neft ixracının artırılması mühüm istiqamətlərdən biridir. Bu məqsədlə ölkədə müxtəlif sənaye və istehsal layihələrinin həyata keçirilməsi, ixrac yönümlü müəssisələrin yaradılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər görülür. 2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı da bu baxımdan yeni imkanlar yaradır. Dövlət başçısının çıxışında proqramın nəticələrindən biri kimi güclü ixrac potensialının yaradılması və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması gözləntisi ifadə olunub.
İxrac imkanlarının genişləndirilməsi üçün əsas məsələlərdən biri istehsal olunan məhsulun rəqabətqabiliyyətli olmasıdır. Bunun üçün yalnız filiz hasil etmək kifayət deyil. Müasir emal müəssisələrinin yaradılması, zənginləşdirmə texnologiyalarından istifadə və metallurgiya məhsullarının istehsalında daha yüksək əlavə dəyərin formalaşmasına imkan verə bilər. Dövlət Proqramında məhz istehsal zəncirinin hasilatdan emala qədər genişləndirilməsinə diqqət yetirilməsi bu baxımdan əhəmiyyətlidir. Xammalın daha çox emal olunmuş məhsul şəklində ixrac edilməsi ölkənin sənaye ixracının strukturuna da təsir göstərə bilər.
Metallurgiya sahəsində alüminium istehsalının inkişaf etdirilməsi də proqramın əsas istiqamətlərindəndir. Dövlət başçısının çıxışında alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması hədəfi açıqlanıb. Bu istiqamətdə bir neçə zavodun yaradılması nəzərdə tutulur. Yeni istehsal güclərinin formalaşdırılması metallurgiya sənayesinin genişlənməsi ilə yanaşı, metal məhsullarının müxtəlif sənaye sahələrində istifadəsi üçün də əlavə imkanlar yarada bilər.
Dağ-mədən və metallurgiya sektorunun inkişafının iqtisadi nəticələri yalnız ixrac gəlirləri ilə ölçülmür. Yeni müəssisələrin fəaliyyəti dövlət büdcəsinə vergi daxilolmalarını artıra, məşğulluğu genişləndirə və yerli istehsal zəncirini gücləndirə bilər. Prezident İlham Əliyevin çıxışında proqramın həyata keçirilməsi nəticəsində illik müsbət maliyyə təsirinin bir milyard manatdan artıq ola biləcəyi, layihələrin iqtisadi nəticələrinin isə milyardlarla manat səviyyəsində ölçülə biləcəyi bildirilib. Bu rəqəmlər proqramın qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatında formalaşdırması gözlənilən potensial təsirin miqyasını göstərən dövlət səviyyəsində səsləndirilmiş proqnozlardır.
Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri



