
Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biri 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsidir. İkinci Qarabağ müharibəsi zamanı əldə olunan bu qələbə xalqımızın uzun illər davam edən torpaq həsrətinin sona çatması istiqamətində mühüm addım oldu. Cəbrayılın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolda xüsusi əhəmiyyət daşıdı.
Cəbrayıl şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində şəhərin infrastrukturu dağıdılmış, yaşayış məntəqələri yararsız vəziyyətə salınmış, minlərlə insan doğma yurdlarından didərgin düşmüşdü. Uzun illər ərzində cəbrayıllılar öz evlərinə qayıtmaq arzusu ilə yaşamış, torpaqların azad olunacağına inamlarını qoruyub saxlamışdılar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini və xalqın birliyini nümayiş etdirdi. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl rayonu istiqamətində mühüm strateji mövqelər və yaşayış məntəqələri azad edildi. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad olunması isə müharibənin gedişində mühüm dönüş nöqtələrindən biri kimi tarixə düşdü.
Bu qələbə yalnız hərbi uğur deyildi. Cəbrayılın azad edilməsi doğma torpaqlarından ayrı düşmüş insanların qəlbində qayıdış ümidini gücləndirdi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin bərpası prosesinə mühüm töhfə verdi. Şəhərin azadlığı Vətən müharibəsində qazanılan digər qələbələrlə birlikdə Böyük Zəfərin əsasını təşkil etdi.
Bu gün Cəbrayılın adı qəhrəmanlıq, əzmkarlıq və milli iradə anlayışları ilə yanaşı çəkilir. Şəhərin yenidən qurulması, infrastrukturun bərpası və əhalinin doğma yurda qayıdışı istiqamətində görülən işlər azadlığın real inkişafla tamamlandığını göstərir. Cəbrayılın azad edildiyi 4 oktyabr tarixi Azərbaycan xalqının yaddaşında qürur və iftixar günü kimi yaşayır.
Lətifə Əlizadə,
YAP Nizami rayon təşkilatının fəalı



