AnalitikaGündəmSiyasət

Beş mindən çox yeni iş yeri sənaye inkişafının sosial nəticələrini gücləndirə bilər

Yeni Dövlət Proqramının mühüm istiqamətlərindən biri də məşğulluğun artırılmasıdır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı çərçivəsində beş mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu göstərici yeni sənaye layihələrinin yalnız iqtisadi deyil, həm də sosial əhəmiyyət daşıdığını göstərir.

Yeni iş yerlərinin yaradılması xüsusilə regionlar üçün mühüm nəticə ola bilər. Mədən yataqları əsasən regionlarda yerləşdiyindən layihələrin həyata keçirilməsi həmin ərazilərdə əmək bazarının genişlənməsinə şərait yarada bilər. İş yerləri ilə yanaşı, yeni müəssisələrin fəaliyyəti yerli xidmət sahələrinə də əlavə tələbat formalaşdıracaq. Nəqliyyat, ictimai iaşə, texniki xidmət, tikinti və digər sahələrdə əlavə məşğulluq imkanları yarana bilər.

İşğaldan azad edilmiş ərazilərdə bu prosesin sosial əhəmiyyəti daha genişdir. Burada yeni sənaye müəssisələrinin yaradılması insanların geri qayıtması və regionlarda dayanıqlı yaşayış imkanlarının formalaşması üçün iqtisadi əsaslardan birini təşkil edə bilər. Məşğulluq imkanlarının mövcudluğu əhalinin regionlarda məskunlaşmasının davamlılığı baxımından mühüm amillərdən biridir.

Yeni iş yerlərinin uzunmüddətli olması üçün peşəkar kadr hazırlığı da vacibdir. Dağ-mədən və metallurgiya müasir texnologiyalara əsaslandığından müxtəlif ixtisaslı mühəndis və texniki işçilərə ehtiyac yaranacaq. Bu isə peşə təhsili və ali təhsil müəssisələri qarşısında yeni imkanlar formalaşdırır. Beləliklə, Dövlət Proqramının məşğulluq təsiri həm yeni iş yerlərinin yaradılması, həm də insan kapitalının inkişafı ilə müşayiət oluna bilər.

Vüqar Quliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 113” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button