
Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub.
Carixeber.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib.
Onun sözlərinə görə, “Court Cinema” klubun qarşısında daha əvvəl “Azparking” tərəfindən parklanma yeri təşkil edilib. Lakin sonradan ərazidə 3 maşınlıq pulsuz yer hazırlanıb və orada bir nəfər üçün maşınlarını ödənişsiz saxlaması üçün şərait yaradılıb. H. Novruzzadə həmin yerin qanuni parklanma yerləri kimi xətləndiyini və bu yolla digər parkinqlərlə oxşarlıq yaradıldığını da vurğulayıb.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, yolun həmin hissəsi özəl mülkiyyətdir: “Qeyd edilən yer şəxsi mülkiyyətdə olduğu üçün ərazidə ödənişli parklanma məntəqəsi təşkil edilməyib”.



