AnalitikaGündəmSiyasət

Azərbaycanın qlobal mövqeyi və hədəfləri

Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq mövqeyini və gələcək hədəflərini əhatə edən ətraflı bir çıxış oldu. Dövlət başçısı əsasən ölkənin ərazi bütövlüyünün bərpası, iqtisadi müstəqillik və qlobal siyasətdəki rolundan danışdı.

Prezident İlham Əliyev müsahibədə Azərbaycanın ən böyük nailiyyətlərindən biri kimi ərazi bütövlüyünün tam bərpasını qeyd etdi. O, bu prosesin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirildiyini vurğuladı. 30 ilə yaxın müddətdə Azərbaycanın bu məqsədə çatmaq üçün mübarizə apardığını və beynəlxalq təşkilatların dəstəyindən çox da fayda görmədiyini bildirdi. Bu səbəbdən ölkə öz gücünə arxalanaraq ədaləti bərpa edib.

Müsahibədə Azərbaycan iqtisadiyyatının gücünə də diqqət çəkildi. Prezident İlham Əliyev xarici borcun ÜDM-ə nisbətinin cəmi 6,9 faiz olduğunu və ölkənin iqtisadi baxımdan özünü təmin edən güclü bir dövlətə çevrildiyini qeyd etdi. O, Azərbaycanın regionda həyata keçirdiyi genişmiqyaslı layihələrdən bəhs edərək, ölkənin Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutduğunu vurğuladı.

Çoxqütblü dünyada Azərbaycanın yerindən danışarkən, Prezident müstəqil xarici siyasət yürüdərək milli maraqlarını qəti şəkildə müdafiə etdiklərini bildirdi. Azərbaycanın heç bir beynəlxalq təzyiqə boyun əymədən öz maraqlarını qorumaqda qərarlı olduğunu və bu siyasətin müsbət nəticələr verdiyini ifadə etdi.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın proaktiv beynəlxalq oyunçu kimi fəaliyyət göstərdiyini və Ümumdünya Ticarət Təşkilatına üzv olmaq niyyətini açıqladı. Bu məqsədlə Çinlə müzakirələrin aparıldığını bildirdi. Prezident İlham Əliyev, Azərbaycanın qlobal məsələlərdə də fəal rol oynadığını qeyd edərək, iqlim dəyişikliyi ilə bağlı beynəlxalq sammitə ev sahibliyi etməyin ölkə üçün böyük məsuliyyət və nüfuz olduğunu vurğuladı.

Bu müsahibə Azərbaycan rəhbərliyinin qlobal siyasətdə daha güclü mövqe tutmaq üçün atdığı addımları və ölkənin iqtisadi, siyasi müstəqilliyini qorumaqda qərarlı olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın çoxqütblü dünyada öz mövqeyini daha da gücləndirmək istəyini və regionda etibarlı tərəfdaş kimi tanınmaq hədəfini əks etdirdi.

Sevinc Əliyeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button