
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr iqtisadiyyatın daha çox istiqamət üzrə inkişafına imkan yaradıb. Yeni Dövlət Proqramı da qeyri-neft sənayesinin daha bir mühüm istiqamətini – dağ-mədən və metallurgiya sektorunu inkişaf etdirməyi qarşıya məqsəd qoyur.
Prezident İlham Əliyev müşavirədə cari ilin ilk səkkiz ayında qeyri-neft sənayesində artımın 5,4 faiz olduğunu bildirib. Dövlət başçısının çıxışında qeyri-neft sektorunun inkişafının ölkə iqtisadiyyatının gələcək dayanıqlılığı baxımından əhəmiyyəti xüsusi vurğulanıb. Bu kontekstdə dağ-mədən və metallurgiya sahəsinin inkişafı qeyri-neft sənayesində yeni istehsal imkanlarının yaranmasına səbəb ola bilər.
Yeni sənaye layihələrinin həyata keçirilməsi iqtisadiyyatın müxtəlif sahələrinə əlavə tələb yaradır. Mədənlər üçün avadanlıqlar, zavodlar üçün tikinti işləri, nəqliyyat və logistika xidmətləri, enerji və digər resurslar iqtisadi dövriyyəni genişləndirir. Buna görə dağ-mədən sektorunda artım digər qeyri-neft sahələrində də əlavə iqtisadi fəallıq yarada bilər.
Əsas məsələ bu artımın uzunmüddətli xarakter almasıdır. Bunun üçün yeni yataqların kəşf edilməsi, mövcud yataqların səmərəli istismarı, emal müəssisələrinin yaradılması və texnologiyaların yenilənməsi vacibdir. Dövlət Proqramının dördillik icra müddəti bu istiqamətdə konkret layihələrin həyata keçirilməsi üçün müəyyən zaman çərçivəsi yaradır.
Samirə Vəliyeva,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 100” ərazi partiya təşkilatının sədr müavini



