AnalitikaGündəmSiyasət

Azərbaycanın layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib

“1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdirən sazişdir. Məhz bu və sonrakı müddətdə imzalanmış müqavilələrin nəticəsidir ki, hazırda Azərbaycan tərəfdaşları ilə birlikdə Xəzər-Qara-Aralıq dənizlərini birləşdirən strateji boru kəmərlərini inşa edib. Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilən Azərbaycanın enerji layihələri sayəsində materikin enerji xəritəsi yenidən tərtib edilib. Təsadüfi deyi ki, Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bütün enerji layihələrinin tacıdır”.

Bunu “Carixeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır: “Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilib. Hazırda Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılmış Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 12 dövlətinə təbii qaz nəql edilməkdədir. Bu səbəbdəndir ki, Azərbaycanın təbii qaz ixracı ötən il 25 milyard kubmetrə çatıb. Lakin bu son hədd deyil. Çünki müqavilələr imzalanıb və Azərbaycan 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracaq. Yəni, 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcək. Bu da əlavə ölkə, yaxud istehlakçı dövlət deməkdir”.

“Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Nəzərə alsaq ki, Azərbaycan  2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq, bu da ölkənin ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm müqavilə imzalanıb: “Eyni zamanda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 1195 km uzunluğunda “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi ilə bağlı strateji tərəfdaşlıq sazişi də imzalanıb. Bu layihə ilə Bolqarıstan, Serbiya və Moldova da maraqlanır. Görünən odur ki, Azərbaycan yalnız enerji layihələri ilə böyük coğrafiyada yerləşən 20 qədər ölkəni birləşdirən əməkdaşlıq platforması formalaşdırıb”.

Oxşar Xəbərlər

Back to top button