AnalitikaGündəmSiyasət

Azərbaycanın elekroenergetika sektorunda Çin şirkətlərinin fəal iştirakı enerji əməkdaşlığını getdikcə möhkəmlədir

Azərbaycan–Çin münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində indiyədək çoxsaylı tədbirlər həyata keçirilib.  Bununla da  iki dost dövlət bu qlobal təşəbbüsün reallaşmasına mühüm töhfələr verib. SOCAR dost ölkəyə  Azərbaycan və digər mənşəli xam neft, neft, neft-kimya məhsullarının, eləcə də mayeləşdirilmiş qazın (LNG) təchizatını uğurla həyata keçirir. Azərbaycanın  elekroenergetika sektorunda Çin şirkətlərinin fəal iştirakı enerji əməkdaşlığını getdikcə möhkəmlədir. Bununla bərabər Çinin enerji müəssisələri ilə uzunillik əlaqələr hazırda “yaşıl enerji” və “yaşıl texnologiya”lar üzrə layihələrlə münasibətlər yeni inkişaf mərhələsinə daxil olur. Bu xüsusda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakı, “China Gezhouba Group Overseas Investment” müəssisəsinin 2 QVt gücündə bərpaolunan enerji layihəsinin icrasında fəaliyyəti respublikamız tərəfindən yüksək dəyərləndirilir. Çinin innovasiya yönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Dost ölkə Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiya sahələrinə xüsusi maraq göstərir. Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə ticari–iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki–iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır.  Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.

Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki  son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb. İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib.

Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq.

Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Prezident İlham Əliyev qeyd edib ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. Ölkə başçısı bildirib ki, indi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. Belə ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzalanıb. Nəticədə Mərkəzi Asiya ilə Azərbaycan və potensial olaraq Çin enerji kabeli ilə bir-biri ilə bağlanacaq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Prezident İlham Əliyev vurğulayıb ki, bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir. Ölkəmizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button