AnalitikaGündəmSiyasət

Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə olaraq xalqın hakimiyyətə birbaşa təsir imkanını təmin etdi

1918-ci il mayın 28-də elan olunan və cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) zəngin dövlətçilik tariximizdə çox mühüm bir mərhələni təşkil edir. AXC-ni yaratmaqla xalqımız milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdi.

Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti demokratik əsaslarla formalaşan çoxfraksiyalı parlamentə malik idi, burada qadınlara seçmək və seçilmək hüququ verilmişdi. Cümhuriyyətin respublikada təhsilin inkişafına böyük diqqət göstərməsi xalqın gələcəyini düşünmək baxımından çox önəmli fakt idi. Qısa fəaliyyəti dövründə Cümhuriyyət parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etdi. Təhsilin inkişafına diqqət baxımından Cümhuriyyət parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunun əhəmiyyətini isə xüsusi qeyd etmək lazımdır.

AXC çox mürəkkəb bir dövrdə elan olunmuşdu. AXC ordu quruculuğuna məhz belə bir çətin şəraitdə başladı. 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı və Nazirlər Şurası tərəfindən qərar 1918-ci il noyabrın 1-də imzalandı. O cümlədən AXC parlamenti mövcud olduğu dövrdə hərbi quruculuğun müxtəlif sahələri ilə bağlı 9 qanun layihəsini nəzərdən keçirmiş və müvafiq qərarlar qəbul etmişdi.

Bütün bunlar AXC-nin daxili və xarici siyasətinin prioritetlərinin miqyasının kifayət qədər geniş olduğunu təsdiqləyir. Prezident İlham Əliyev Cümhuriyyətin cəmi 23 aylıq mövcudluğu dövründə çox böyük işlər gördüyünü vurğulayaraq deyib: “Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Keçən il isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir”.

Azərbaycan Xalq Cümhuriyyətinin atributlarının müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi Ulu Öndərin müstəsna xidmətləri sırasında yer alır. Naxçıvan Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçən 1990-cı il 17 noyabr tarixli sessiyasında çıxarılan qərarlar Ulu Öndərin milli təəssübkeşliyinin, Cümhuriyyət ideyalarına sədaqətinin təzahürü idı. Sessiyada Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Sonradan – 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Unutmamalıyıq ki, bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu bir dövrdə baş vermişdi. Bundan başqa, Ulu Öndər Heydər Əliyev Sovet İttifaqının saxlanmasına dair referendumun Naxçıvanda keçirilməsinə imkan vermədi, baxmayaraq ki, Azərbaycanın bütün başqa yerlərində bu referendum keçirildi. Eyni zamanda, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin qətiyyətinin, uzaqgörənliyinin və xalqa bağlılığının göstəricisi idi. Prezident İlham Əliyev Cümhuriyyət dəyərlərinin yaşadılmasında, AXC-nin qəbul etdiyi dövlət atributlarının bərpasında Ulu Öndərin müstəsna xidmətlər göstərdiyini xatırladaraq vurğulayıb: “İyirmi üç aydan sonra respublika süqut etdi və bu, bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Əslində, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır. Sovet İttifaqı hələ yaşayırdı və belə cəsarətli addım Ulu Öndərin Öz xalqına, Öz dövlətinə, xalqının, dövlətinin gələcəyinə nə qədər bağlı olduğunu, nə qədər böyük önəm verdiyini göstərir”.

Afaq Mustafayeva,
YAP Xəzər rayon təşkilatının mühasibi 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button