AnalitikaGündəmSiyasət

Azərbaycan və Ukrayna arasında əməkdaşlığın daha da perspektivli olması üçün hər iki tərəfin böyük imkanları var

Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna münasibətləri bütün tarixi dövrlərdə yüksək səviyyədə olub. İki dövlətin xalqları arasında daim dostluq münasibətləri hökm sürüb. Müstəqillik dövründə isə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan əlaqələr yüksələn xətlə inkişaf edib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana etdiyi işgüzar səfər də ilk növbədə Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf dinamikasından xəbər verdi. Hələ sovet hakimiyyəti illərində Azərbaycanla Ukrayna arasında möhkəm iqtisadi və mədəni əlaqələr mövcud olub. Müstəqillik illərində diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, sıx ikitərəfli siyasi və iqtisadi münasibətlər Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərlik etməsindən sonra yaranmağa başlayıb. 1995-ci ildən başlayaraq hər iki dövlətin Prezidentləri qarşılıqlı olaraq dəfələrlə rəsmi və işgüzar səfərlər ediblər. Bu səfərlərin hər biri əlaqələrin inkişafına impuls verib, münasibətlərin strateji səviyyəyə yüksəlməsini təmin edib, yeni əməkdaşlıq istiqamətlərinin əsasını qoyub.

Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də respublikamıza səfəri iki dövlət arasındakı müntəzəm ali siyasi təmasların davamıdır. Azərbaycan və Ukrayna Prezidentlərinin Qəbələdə keçirdikləri görüş onların son 4 ildə sayca 7-ci görüşü oldu. Bu, iki dövlət arasındakı ali siyasi təmasların davamlı xarakter daşıdığını nümayiş etdirməklə yanaşı, əlaqələrin bütün sahələrdə inkişafına təkan verən başlıca faktordur.

Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışında qeyd etdiyi kimi, bu təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırıb. Dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşü zamanı əvvəlki görüşlər məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi. Prezidentlərin Qəbələ görüşündə Azərbaycanla Ukrayna arasında əlaqələrin bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu. O cümlədən, Prezidentlərin mətbuata bəyanatlarla çıxışlarında əlaqələrin inkişaf perspektivləri ilə bağlı mühüm fikirlər səsləndirildi.

Məsələn, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki dövlət arasında hərbi-texniki əməkdaşlıqla bağlı çox böyük perspektivlər mövcuddur. Hazırda həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi sürətlə inkişaf edir və bu sahədə birgə əməkdaşlığın həyata keçirilməsi hər iki dövlətə böyük ölçüdə fayda gətirəcək. Ümimiyyətlə isə bu gün iki ölkə arasında ticarət dövriyyəsinin 500 milyon ABŞ dollarını keçməsi əməkdaşlığın ardıcıl və davamlı inkişafından xəbər verir. Qarşıdakı illərdə isə ticarət dövriyyəsinin daha da böyüməsi gözlənilir. Çünki həm Azərbaycanın, həm də Ukraynanın bununla bağlı potensialı yüksəkdir. Çoxtərəfli qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq hazırda Azərbaycan və Ukrayna tərəfdaş dövlətlərdir. Münasibətlər isə yalnız ikitərəfli deyil, çoxtərəfli formatlarda, o cümlədən beynəlxalq platformalar çərçivəsində uğurla inkişaf edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri isə həm bu münasibətlərin inkişafına, həm də dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfədir.

Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button