
2025-ci il oktyabrın 21-də Astanada keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərən mühüm hadisə oldu.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev iştirak edərək, ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə etdilər. Prezident Tokayev, Azərbaycanı Qazaxıstan üçün xüsusi və qardaş bir ölkə olaraq qiymətləndirərək, iki ölkə arasında qarşılıqlı etimad və dəstək əsasında qurulan əlaqələrin əhəmiyyətini vurğuladı. O, həmçinin, bu il iki ölkə arasında Strateji Tərəfdaşlıq və Alyans haqqında Müqavilənin 20 illiyinin qeyd edildiyini xatırladaraq, bu müddət ərzində siyasi dialoqun fəallaşdığını və hüquqi bazanın möhkəmləndiyini bildirdi.
Prezident Əliyev isə son üç ildə Prezident Tokayevlə on dəfə görüşdüyünü qeyd edərək, iki ölkə arasında əməkdaşlığın intensivliyini və qarşılıqlı əlaqələrin yüksək səviyyəsini vurğuladı.
İclasın sonunda keçirilən birgə mətbuat konfransında Prezident Əliyev, Azərbaycan və Ermənistan arasında yük daşımalarına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırıldığını açıqladı. Bu, Sovet dövründən sonra ilk dəfədir ki, Qazaxıstandan Ermənistana taxıl göndərilməsi həyata keçirilir. Prezident Əliyev, bu addımın sülhün yalnız kağız üzərində deyil, praktikada da möhkəmləndiyini göstərdiyini bildirdi.
Qazaxıstan Prezidenti Tokayev isə, bu addımın regional əlaqələrin inkişafı və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.
İclasda həmçinin nəqliyyat, logistika, rəqəmsallaşma, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. “Orta Dəhliz” layihəsinin inkişafı və bu marşrutun Avrasiyada tranzit rolunun gücləndirilməsi istiqamətində konkret tədbirlər də nəzərdən keçirildi.
Prezidentlər, iki ölkə arasında ticarət dövriyyəsinin yaxın gələcəkdə 1 milyard ABŞ dollarına çatdırılmasını hədəflədiklərini açıqladılar. Bu görüşlər və açıqlamalar, Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini və regional sülhün təmin olunmasında mühüm addımlar atıldığını göstərir.
Günel Əbdurəhmanova,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi



