AnalitikaGündəmSiyasət

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə mühüm əməkdaşlıq edir

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmiz bir sıra beynəlxalq qurumlarla, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir.

Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlətimizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub. Astanada qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ölkələrarası münasibətlərdə, regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizədə, iqtisadi, humanitar, turizm sahələrində əməkdaşlığın genişləndirməsində xüsusi yerə malik olacağı şübhəsizdir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Asiya nəhəngləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur.

Ölkəmizin rəhbəri dəfələrlə bildirib ki, bizim heç bir ölkənin torpaqlarında gözümüz yoxdur. Biz sağlam qonşuluq münasibətləri zəminində yaşamaq, işləmək, fəaliyyət göstərmək əzmindəyik. Bu istiqamətdə də öz işlərimizi həyata keçiririk. Bu televiziya müsahibəsində də ölkəmizin rəhbəri dünyada baş verən hadisələrə öz obyektiv münasibətini ortaya qoydu. Əlbəttə ki, bu mövqe dünyada sülhün, əmin-amanlığın təmin olunması, münaqişələrin aradan qaldırılması, insanlığa, beynəlxalq normalara hörmət edilməsidir. Verilən müsahibə və səsləndirilən fikirlər bilavasitə Azərbaycan xalqının mövqeyidir. Bir suveren dövlət kimi biz öz hüquqlarımızı qorumalı və hüquqlarımıza qarşı çıxan hər kəsə qarşı amansız mövqedə olmalıyıq. Çünki Azərbaycan 30 il öz hüquqlarından məhrum olmuş bir milyon xalqın Vətənidir. İnsanlarımızın öz hüquqlarını qoruması, onların haqqıdır. Ölkə Prezidenti də bu mövqedən çıxış edir.

Natiq Musayev,
Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri

Oxşar Xəbərlər

Back to top button