
18 oktyabr 2025-ci ildə Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısı müsahibə zamanı Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixi köklərindən, ortaq dəyərlərindən, iqtisadi əməkdaşlığın inkişafından və Türk dünyası çərçivəsində gələcək perspektivlərdən bəhs edib.
Ptrezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Qazaxıstan xalqları əsrlər boyu dostluq, qardaşlıq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətlər qurublar. Bu gün həmin münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident qeyd edib ki, iki ölkə arasında 170-dən artıq sənəd imzalanıb və bu, əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını sübut edir. Dövlət başçısının sözlərinə görə, bu münasibətlərin təməlində qarşılıqlı etimad və ortaq maraqlar dayanır.
Müsahibədə iqtisadi və nəqliyyat-logistika əlaqələri xüsusi yer tutub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artıb. O, Orta Dəhliz adlanan nəqliyyat marşrutunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu dəhliz regionun mühüm tranzit mərkəzinə çevrilməsinə xidmət edir. Xəzər dənizinin dibi ilə keçəcək optik-lifli rabitə xəttinin çəkilməsi layihəsi isə iki ölkə arasında rəqəmsal əməkdaşlığın yeni mərhələsini açacaq.Daha sonra Prezident İlham Əliyev enerji sektorundakı əməkdaşlığa da toxunaraq bildirib ki, Azərbaycan və Qazaxıstan “yaşıl” enerji sahəsində birgə layihələr həyata keçirmək niyyətindədirlər. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də ekoloji baxımdan böyük əhəmiyyət daşıyır.
Müsahibədə regional təhlükəsizlik və Türk Dövlətləri Təşkilatının rolu da müzakirə olunub. Cənab Prezident vurğulayıb ki, Türk dünyasının birliyi və həmrəyliyi regionda sabitliyin və inkişafın mühüm dayağıdır. O, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib və bu platforma çərçivəsində Qazaxıstanla əməkdaşlığın prioritet istiqamətlərini göstərib.
Prezident İlham Əliyevin “Kazinform”a verdiyi müsahibə, ümumilikdə, Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı səviyyəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə əks etdirir. Bu müsahibə, eyni zamanda, regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunması üçün iki qardaş ölkənin birgə səylərinin bariz nümunəsidir. Prezidentin səsləndirdiyi fikirlər Azərbaycan diplomatiyasının ardıcıl, uzaqgörən və əməkdaşlığa əsaslanan xarici siyasət xəttinin davamı kimi dəyərləndirilir.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Aida Əliyeva