
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Prezident İlham Əliyev: Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var. Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz. Sözsüz ki, bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi. Demək olar ki, təqribən 200 ölkə və beynəlxalq təşkilat Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədi. Bundan əvvəl biz 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik. Zənnimcə, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq. Mən artıq Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməmizlə bağlı danışdım. Lakin, eyni zamanda, biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Dünya iqtisadiyyatında baş verən dəyişikliklər və çağırışlar fonunda Azərbaycan çevik və səmərəli strategiyalar həyata keçirir. Prezident İlham Əliyev Azərbaycanın dayanıqlı inkişaf strategiyası, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, xüsusilə, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrinin prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Davos İqtisadi Forumu kimi beynəlxalq tədbirlər Azərbaycanın dünyadakı mövqeyini gücləndirmək və yeni tərəfdaşlarla əlaqələr qurmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qlobal problemlərin həllində fəal iştirak etməklə beynəlxalq əməkdaşlığa töhfə verməyə hazırdır. Forum çərçivəsində keçirilən görüşlər və müzakirələr ölkənin iqtisadi diplomatiyasının gücləndirilməsi baxımından mühüm addım hesab edilir.
Bu müsahibə Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rolu və gələcək strateji hədəflərini bir daha nümayiş etdirdi və yeni imkanlardan maksimum yararlanmağa çalışır.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı