AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan-Özbəkistan Strateji Tərəfdaşlığının Yeni Zirvəsi: Daşkənd Sammiti

Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər bütün sahələrdə dinamik şəkildə inkişaf edərək keyfiyyətcə yeni strateji mərhələyə daxil olmuşdur. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası bu münasibətlərin hüquqi və siyasi bazasını daha da möhkəmləndirmişdir. Zirvə görüşü zamanı qəbul edilən qərarlar iki dost ölkənin ümumi maraqlara əsaslanan siyasətinin əyani təsdiqidir.

Səfər çərçivəsində baş tutan dövlət başçılarının qarşılıqlı təltifolunma mərasimi ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoqun və dostluğun bariz nümunəsidir. Özbəkistan Respublikasının Prezidenti tərəfindən dövlətimizin başçısına “Dostluq” ordeninin, Azərbaycan Prezidenti tərəfindən isə Özbəkistan liderinə “Heydər Əliyev” ordeninin təqdim edilməsi xalqlarımız arasındakı sarsılmaz qardaşlığın rəmzidir. Bu ali mükafatlar dövlətlərarası münasibətlərin inkişafına verilən yüksək qiymətin ifadəsidir.

İmzalanan yeni sənədlər paketi iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və investisiya istiqamətlərini əhatə edərək gələcək fəaliyyət üçün möhkəm zəmin yaradır. Hər iki ölkənin hökumətləri tərəfindən həyata keçirilən tədbirlər ticarət əlaqələrinin şaxələndirilməsinə və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Bu sənədlər həm də regionda sabitliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan və Özbəkistanın paralel kursla həyata keçirdiyi inkişaf strategiyası artıq geniş geosiyasətin mühüm amilinə çevrilmişdir. Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi region kimi inteqrasiyası ümumi rifahın təmin edilməsinə xidmət edir. Bu tərəfdaşlıq hər iki dövlətin beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirir.

İlkin Nəcəfov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button