
Azadlıq və müstəqillik hər bir xalq üçün müqəddəs dəyərdir. Azərbaycanın zəngin dövlətçilik ənənələrinə malik xalqı tarix boyu bir çox imperiyaların tərkibində yaşamağa məcbur olsa da, milli azadlıq ideyası heç vaxt unudulmayıb. Bu ideyanın bariz təcəssümü olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) XIX əsrin sonu – XX əsrin əvvəllərində milli oyanışın zirvəsində meydana çıxdı.
AXC Şərqdə ilk demokratik respublika kimi tarixə düşdü. Bu dövlət Avropa dəyərləri ilə Şərq mədəniyyətini birləşdirərək, insan hüquq və azadlıqlarını, vətəndaş bərabərliyini təmin etdi. Azərbaycan dili dövlət dili elan edildi, qadınlara seçki hüququ verildi, təhsilə və mədəniyyətə xüsusi diqqət ayrıldı. Milli ordu və təhlükəsizlik qurumları yaradıldı. AXC-nin 23 aylıq fəaliyyəti ərzində qəbul olunan qanunlar müstəqil dövlət quruculuğunun əsasını qoydu.
Ulu Öndər Heydər Əliyev AXC-nin tariximizdə parlaq yer tutduğunu vurğulayaraq bu irsin qorunmasının və yaşadılmasının vacibliyini qeyd edirdi. Onun fikrincə, hər bir Azərbaycan vətəndaşı bu dəyərlərə sahib çıxmalı və gələcək nəsillərə ötürməlidir.
1991-ci ildə Azərbaycanın yenidən əldə etdiyi müstəqillik məhz AXC-nin ideya və təcrübələrinin davamı idi. O zaman qəbul olunan Müstəqillik Bəyannaməsi və Konstitusiya Aktı ilə ölkəmiz dünya birliyinə müstəqil, hüquqi və demokratik dövlət kimi tanıdıldı. Bu müstəqillik sonradan möhkəmləndirilərək daha böyük nailiyyətlərlə zənginləşdi.
Azərbaycanın 2020-ci ildə qazandığı Zəfər – İkinci Qarabağ müharibəsində əldə olunan tarixi qələbə – AXC-nin ideallarının reallaşması kimi qiymətləndirilə bilər. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin sarsılmaz olduğunu bir daha sübut etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu qələbə həm də AXC qurucularının arzusunu gerçəyə çevirdi.
Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi