
Azərbaycan tarixində suverenlik anlayışı sadəcə hüquqi məfhum deyil, əsrlər boyu davam edən milli azadlıq mübarizəsinin, xalqımızın dövlətçilik iradəsinin ifadəsidir. Öz taleyinə sahib çıxmaq, müstəqil dövlət qurmaq və onu inkişaf etdirmək hər xalqa nəsib olmur. Azərbaycan xalqı tarix boyunca işğallara, siyasi və hərbi təzyiqlərə, iqtisadi çətinliklərə baxmayaraq, müstəqillik idealından heç vaxt dönməyib.
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri 30 ildən çox müddətdə işğal altında saxlanıldı. Bu dövrdə xalqımız etnik təmizləmə və soyqırımı faciələrinə məruz qaldı, şəhər və kəndlərimiz dağıdıldı, mədəni irsimiz viran edildi. BMT Təhlükəsizlik Şurasının qətnamələri isə 30 ilə yaxın həyata keçirilmədi. 2020-ci ilin sentyabrında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu düşməni darmadağın etdi. İşğal altındakı torpaqlarımızın böyük hissəsi azad olundu, Kəlbəcər, Ağdam və Laçın da müqavilə əsasında qaytarıldı. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə BMT qətnamələrini özü icra etdi.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda qalıq silahlı dəstələrin təxribatlarına cavab olaraq lokal antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qondarma qurum özünü buraxdı və ölkənin bütün ərazilərində konstitusiya quruluşu bərpa edildi. Bu hadisə Azərbaycanın dövlət suverenliyinin tam təsdiqi oldu.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi ilə başlayan yolun zirvəsi – ərazi bütövlüyünün və milli dövlətçiliyin tam təmin olunması kimi dəyərləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu, suverenliyin yalnız siyasi-hüquqi deyil, həm də milli kimliyin əsas göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan artıq tam suveren, bütöv sərhədlərə malik, güclü dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi