
Prezident İlham Əliyevin 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı baxımından mühüm siyasi mesajlarla yadda qaldı. Bu görüş iki tərəf arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində vacib addım kimi qiymətləndirilir. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafına böyük önəm verir. Dövlət başçısı vurğuladı ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və enerji, nəqliyyat, iqtisadiyyat və yaşıl enerji sahələrində əməkdaşlıq getdikcə genişlənir. Prezident bildirib ki, bəzi iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, yanvarda ticari dövriyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olmuşdur. Azərbaycan üçün Avropa ittifaqı bir nömrəli ticarət tərəfdaşdır və ticari dövriyəmiz birmənalı olaraq artacaqdır.
Prezident xüsusilə enerji təhlükəsizliyi məsələsinə toxunaraq bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Cənub Qaz Dəhlizi layihəsi bu əməkdaşlığın ən mühüm nümunələrindən biridir və Azərbaycan qazının Avropa bazarlarına çatdırılması regionda enerji təhlükəsizliyinə böyük töhfə verir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan gələcəkdə də qaz ixracını artırmaq və Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bəyanatda yaşıl enerji və bərpa olunan enerji mənbələri də xüsusi yer tutdu. İlham Əliyev Azərbaycanın külək və günəş enerjisi sahəsində böyük potensiala malik olduğunu qeyd edərək, Avropa İttifaqı ilə bu istiqamətdə yeni layihələrin həyata keçirildiyini bildirdi. Xəzər dənizinin enerji potensialının istifadəsi və “yaşıl enerji dəhlizi” layihələri də əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi göstərildi.
Prezident həmçinin regionda sülh və sabitliyin təmin olunmasının vacibliyinə diqqət çəkdi. O vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirir və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açıqdır. Görüş çərçivəsində tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və enerji əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini qeyd etdilər. Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, Azərbaycan Avropa ilə tərəfdaşlığın inkişafında maraqlıdır və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi üçün geniş imkanlar mövcuddur.
Bu səfər və səsləndirilən fikirlər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha da möhkəmlənəcəyini göstərir.
Samir Cabbarov,
Neft Kəmərləri İdarəsinin əməkdaşı YAP Nizami rayon fəalı



