AnalitikaGündəmSiyasət

8 Noyabr – Zəfər Gününün Tarixi Əhəmiyyəti

8 Noyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün 2020-ci ildə Azərbaycan Ordusunun Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etməsi ilə xalqımızın illərlə arzuladığı qələbənin reallaşdığı gündür. Şuşanın azad edilməsi təkcə hərbi əməliyyatların uğurlu nəticəsi deyil, həm də xalqımızın iradəsinin, birliyinin, milli qeyrətinin təntənəsidir. Bu Zəfər Azərbaycan xalqının gücünü, dövlətinin qüdrətini və ordusunun məharətini bütün dünyaya göstərdi.

Şuşa şəhərinin azadlığı Vətən müharibəsinin taleyini müəyyən edən əsas döyüş hadisələrindən biri oldu. Şuşa strateji, tarixi və mədəni əhəmiyyətə malik olmaqla yanaşı, Azərbaycan ruhunun, milli musiqimizin və ədəbiyyatımızın beşiyidir. Məhz buna görə də Şuşanın azad edilməsi xalqımızın mənəvi dünyasında xüsusi yer tutur. Bu zəfər Azərbaycan xalqının tarixi ədaləti bərpa etməsinin simvoluna çevrildi.

8 Noyabr həm də xalqımızın birliyinin gücünü nümayiş etdirən gündür. Cəbhədə döyüşən əsgərdən tutmuş arxada çalışan və bacardığı işlə Vətənə dəstək olan hər kəs bu qələbənin formalaşmasında rol oynadı. Dövlətin güclü siyasəti, ordumuzun peşəkarlığı və xalqın vətənpərvərliyi nəticəsində əldə olunmuş bu qələbə, gələcək nəsillərə qürur hissi ilə ötürüləcək bir mirasdır.

Bu gün biz Zəfər Gününü qeyd edərkən şəhidlərimizi dərin hörmət və minnətdarlıqla yad edirik. Onların qəhrəmanlığı sayəsində Azərbaycan tarixi torpaqlarına qovuşdu və əbədi olaraq öz ərazi bütövlüyünü bərpa etdi. 8 Noyabr Azərbaycan xalqının Zəfər günüdür və bu gün milli qürurumuzun rəmzidir.

Ələkbərova Nazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button