
4 oktyabr Azərbaycan tarixində xüsusi önəm daşıyan günlərdən biridir. 2020-ci ilin Vətən müharibəsi zamanı həmin gün Cəbrayıl şəhəri uzun illər davam edən işğaldan azad edildi. Bu qələbə həm Azərbaycan xalqının milli iradəsinin, həm də dövlətimizin hərbi-siyasi gücünün göstəricisi oldu. Cəbrayılın azad olunması ilə xalqımızın illərlə çəkdiyi həsrət sona çatdı, məcburi köçkünlər doğma yurdlarına qayıtmaq ümidini reallıqda görməyə başladılar.
Cəbrayıl rayonunun işğalı 1993-cü ilin avqustunda baş vermiş və bu hadisə xalqımız üçün böyük faciə olmuşdu. On illərlə bu torpaqlar düşmən tapdağı altında qaldı, kəndlər, tarixi və dini abidələr dağıdıldı, təbiət və sərvətlər talan edildi. Lakin Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmadı. 44 günlük Vətən müharibəsi bu əzmin və iradənin təntənəsi oldu. Cəbrayılın azadlığı isə müharibənin ilk böyük zəfərlərindən biri kimi yaddaşlara həkk olundu.
4 oktyabr təkcə Cəbrayıl sakinlərinin deyil, bütün Azərbaycan xalqının qürur günüdür. Həmin gün bir daha sübut olundu ki, xalq və dövlət birləşdikdə qarşısında heç bir qüvvə dura bilməz. Cəbrayılın azad olunması Ordumuzun qətiyyətini, xalqımızın vətən sevgisini bütün dünyaya göstərdi. Bu qələbə həm də digər işğal altında olan torpaqlarımızın azad edilməsinə yol açdı.
Bu gün Cəbrayıl şəhəri və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Yeni infrastruktur layihələri, yollar, körpülər, məktəblər, xəstəxanalar inşa olunur. Doğma yurdlarından didərgin düşmüş insanlar yaxın zamanda öz evlərinə qayıdacaq və Cəbrayılda həyat yenidən çiçəklənəcək.
4 oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycan xalqının həm kədər, həm də qürur dolu tarixinin təcəssümüdür. Bu gün biz işğal illərində həlak olan şəhidlərimizi dərin ehtiramla yad edir, eyni zamanda qazandığımız möhtəşəm qələbəni böyük sevinc və fəxrlə qeyd edirik. Cəbrayılın azadlığı xalqımızın birliyinin, mübarizliyinin və sarsılmaz iradəsinin simvolu olaraq əbədi yaşayacaq.
Afaq Mustafayeva
YAP Xəzər rayon təşkilatının mühasibi