AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

26 Avqust – Laçın Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Yeni Həyatın Rəmzi

Laçın Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi, strateji əhəmiyyəti və qədim yurd yerləri ilə seçilən bölgələrindən biridir. Əzəmətli dağları, geniş yaylaqları, zəngin meşələri və saf təbiəti ilə fərqlənən bu diyar xalqımızın milli yaddaşında xüsusi yer tutur. Lakin Laçının tarixində ağır və ağrılı illər də yaşanıb. Rayonun işğalı nəticəsində doğma torpaqlarından didərgin düşən laçınlılar uzun illər Vətən həsrəti ilə yaşasalar da, azad günə olan inamlarını heç vaxt itirmədilər. Bu gün 26 Avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması tarixi ədalətin bərpasının, milli iradənin və xalqımızın öz doğma torpaqlarına böyük qayıdışının parlaq ifadəsidir.

Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər ölkəmizin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bu qələbə nəticəsində Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarıldı, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Beləliklə, illərlə davam edən ayrılıq sona çatdı, üçrəngli Azərbaycan Bayrağı yenidən Laçında dalğalandı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 Avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi də bu əlamətdar tarixin əbədiləşdirilməsi baxımından xüsusi məna daşıyır. Bu gün təkcə bir şəhərin bayramı deyil, bütöv xalqın zəfərinin, qürurunun və yenilməzliyinin təntənəsidir.

Azadlıqdan sonra Laçın sürətlə yenidən qurulan, müasir həyata qovuşan şəhərlərimizdən birinə çevrilməkdədir. Burada həyata keçirilən genişmiqyaslı layihələr göstərir ki, Laçının inkişafı yalnız bərpa ilə məhdudlaşmır, şəhər gələcəyin tələblərinə uyğun şəkildə yenidən formalaşdırılır. 2040-cı ilədək inkişafı nəzərdə tutulan Baş Plan çərçivəsində yaşayış evləri, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, turizm obyektləri və digər sosial infrastruktur yaradılır. Şəhərin inkişafında tətbiq olunan “15 dəqiqəlik şəhər” prinsipi insanların gündəlik ehtiyaclarını daha rahat və əlçatan şəkildə qarşılamağa xidmət edir. Laçında yüzlərlə evin tikilməsi və bərpası isə bu qədim şəhərin yenidən öz sakinlərinin doğma ocağına çevrildiyini nümayiş etdirir.

Laçının yeni inkişaf mərhələsində yol-nəqliyyat və enerji infrastrukturu da mühüm yer tutur. Kəlbəcər-Laçın avtomobil yolunun inşası, çoxsaylı tunel və körpülərin yaradılması bölgənin digər ərazilərlə əlaqələrini daha da gücləndirəcək. 2025-ci ildə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə şəhərin strateji və beynəlxalq əhəmiyyətini artıran mühüm layihələrdən biridir. Eyni zamanda, Laçında su elektrik stansiyalarının tikilməsi və istifadəyə verilməsi bölgənin yaşıl enerji potensialından səmərəli istifadə olunmasına imkan yaradır. 2026-cı ildə yeni SES-lərin açılışı və “Həkəriçay” su anbarının təməlinin qoyulması Laçının gələcək inkişafının nə qədər geniş və məqsədyönlü planlaşdırıldığını bir daha göstərir.

Laçının dirçəlişinin ən böyük mənası isə insanların öz doğma yurdlarına qayıtmasındadır. 2023-cü ildən başlayaraq laçınlıların mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi Böyük Qayıdışın ən qürurverici səhifələrindən biridir. Uzun illər ayrılıqda yaşayan ailələr yenidən öz yurdlarında məskunlaşır, yeni evlərdə həyat qurur, uşaqlar doğma torpaqlarında təhsil alır. Laçın şəhəri ilə yanaşı Zabux, Sus və Bəylik kəndlərində də müasir yaşayış məntəqələri yaradılır, sakinlərin rahatlığı, məşğulluğu və sosial rifahı üçün hərtərəfli şərait qurulur. Bu qayıdış sadəcə insanların yaşayış yerini dəyişməsi deyil, tarixi bağların yenidən bərpası, yaddaşın və milli kimliyin doğma torpaqda yaşadılması deməkdir.

Bu gün Laçında quruculuqla yanaşı, iqtisadi, mədəni və turizm sahələrinin inkişafı üçün də böyük imkanlar yaradılır. Aqro-Sənaye Parkında müxtəlif müəssisələrin fəaliyyətə başlaması, mebel və ayaqqabı fabriklərinin, tikiş müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın canlanmasına xidmət edir. Heyvandarlıq, arıçılıq və balıqçılıq sahələrinin inkişafı üçün mövcud imkanlardan istifadə olunur. Turizm potensialının gücləndirilməsi məqsədilə istirahət kompleksləri, çaykənarı bulvar, gələcək kanat yolu və digər istirahət məkanları yaradılır. Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması da şəhərin təkcə iqtisadi deyil, həm də mədəni həyatının sürətlə canlandığını və beynəlxalq miqyasda diqqət mərkəzinə çevrildiyini göstərir.

26 Avqust – Laçın Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, sevinc və böyük mənəvi dəyər daşıyan gündür. Bu tarix bizə xalqımızın birliyinin və dövlətimizin qüdrətinin qarşısında heç bir sınağın davam gətirə bilməyəcəyini xatırladır. Dünən həsrət və ayrılıq yaşayan Laçın bu gün yenidən qurulur, inkişaf edir, sakinlərini qarşılayır və gələcəyə inamla addımlayır. Əzəmətli dağların qoynunda yerləşən bu gözəl şəhər artıq yeni həyatını yaşayır. İnanırıq ki, həyata keçirilən bütün layihələr nəticəsində Laçın yaxın gələcəkdə Azərbaycanın ən gözəl, müasir, abad və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək. Doğma Laçının azadlığı əbədi, bayrağımız isə bu müqəddəs torpaqlarda daim uca olsun!

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button