
Bu il Azərbaycan milli mətbuatının yaranmasının 150 ili tamam olur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetilə əsası qoyulan milli mətbuatımız, zaman keçdikcə ictimai şüurun formalaşmasında, maarifçilik ideyalarının yayılmasında və milli kimliyin qorunmasında mühüm rol oynayıb. “Əkinçi”dən başlanan bu yol, bu gün müstəqil Azərbaycanın çoxsəsliliyini, fikir plüralizmini təmsil edən güclü media platformaları ilə davam edir.
Zaman keçdikcə Azərbaycan mətbuatı yalnız informasiya vasitəsi olmaqla kifayətlənməyib, həm də milli dirçəlişin, azad sözün və ictimai dəyərlərin formalaşmasında böyük töhfələr verib. Sovet dövrünün çətinliklərinə baxmayaraq, mətbuat sözün gücünü qoruyub saxlayıb. 1993-ci ildən Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə, Azərbaycan mediası yeni nəfəs aldı, vətəndaş cəmiyyəti formalaşmağa başladı.
Bu gün Azərbaycan mətbuatı rəqəmsal çağırışlarla üz-üzədir. Ənənəvi qəzetlər və jurnallarla yanaşı, onlayn media orqanları da cəmiyyətin informasiya ehtiyacını qarşılayır. Xüsusilə sosial media platformaları, xəbərlərin sürətlə yayılması və müxtəlif baxış bucaqlarının səsləndirilməsi üçün geniş imkanlar yaradıb. Bu da mətbuatın ictimai təsir gücünü daha da artırır.
150 illik yubiley, təkcə bir tarix deyil – həm də yeni mərhələnin başlanğıcıdır. Bu gün jurnalistlər daha çox peşəkarlıq nümayiş etdirir, araşdırma jurnalistikası inkişaf edir, obyektiv və balanslı informasiya təqdim edən media qurumlarının sayı artır. Mətbuat azadlığı və jurnalist etikasının qorunması bu sahədə əsas prioritetlərdən biridir.
Təqdirəlayiq haldır ki, dövlət səviyyəsində də mətbuatın inkişafına dəstək göstərilir. Medianın maddi-texniki bazası gücləndirilir, jurnalistlərin sosial təminatına diqqət artırılır. Media haqqında yeni qanunvericilik aktları, medianın şəffaf və məsuliyyətli fəaliyyətinə zəmin yaradır. Bu, informasiya cəmiyyətinin daha sağlam inkişafını təmin edir.
150 illik şərəfli tarixi olan Azərbaycan mətbuatı bu gün cənab İlham Əliyevin xüsusi diqqət və qayğısından faydalanaraq öz missiyasını uğurla davam etdirir. Azad sözün carçısı, ictimai fikrin aynası olan jurnalistika sahəsi gənclərin də maraq dairəsindədir. Yeni nəsil jurnalistlərin yetişməsi və müasir texnologiyaların tətbiqi ilə mətbuatımız gələcəyə doğru daha əmin addımlarla irəliləyir.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri