AnalitikaDünyaGündəmSiyasət

20 Oktyabr – Zəngilanın azadlığı və dirçəlişinin təntənəsi

Hər bir xalqın tarixində elə günlər var ki, həmin tarixlər milli yaddaşın, vətənə bağlılığın və dövlətçilik iradəsinin rəmzinə çevrilir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü Azərbaycan xalqı üçün məhz belə əlamətdar tarixlərdəndir. Bu gün 2020-ci ildə Vətən müharibəsi zamanı Zəngilan şəhərinin işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını və doğma yurda qayıdış ümidinin gerçəkləşməsini ifadə edir.
Zəngilan 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, rayonun sakinləri doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdılar. Uzun illər davam edən işğal dövründə yaşayış məntəqələrinə, tarixi abidələrə və mədəni irs nümunələrinə ciddi ziyan dəymişdi. Lakin xalqımızın doğma torpaqlara qayıtmaq əzmi heç vaxt sarsılmadı.

2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhəri işğaldan azad edildi. Bu qələbə Vətən müharibəsinin mühüm mərhələlərindən biri olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru atılan tarixi addım idi. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 Oktyabrın Zəngilan Şəhəri Günü elan edilməsi bu zəfərin tarixi əhəmiyyətini bir daha təsdiqlədi.

Bu gün Zəngilanın qarşısında yeni inkişaf mərhələsi dayanır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin müasir simasının formalaşmasına, iqtisadi potensialının üzə çıxarılmasına və sosial həyatın canlanmasına xidmət edir. Ağalı kəndində tətbiq olunan “Ağıllı kənd” layihəsi regionda innovativ yanaşmaların, müasir infrastrukturun və dayanıqlı inkişaf modelinin nümunəsidir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı isə Böyük Qayıdış proqramının əsas məqsədlərindən birinin gerçəkləşməsidir.

Zəngilan zəngin təbiəti, tarixi-mədəni irsi və strateji coğrafi mövqeyi ilə Azərbaycanın mühüm bölgələrindən biridir. Burada aparılan quruculuq işləri təkcə şəhərin bərpası deyil, həm də gələcək nəsillər üçün təhlükəsiz, firavan və dayanıqlı həyatın təmin olunması deməkdir.
20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün təcəssümüdür. Zəngilanın dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamı, Böyük Qayıdışın isə parlaq səhifəsidir.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button