GündəmAnalitikaSiyasət

20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin Şanlı Səhifəsi

20 oktyabr 2020-ci il Azərbaycan tarixində unudulmaz günlərdən biridir. Məhz həmin gün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan rayonunu Ermənistanın təxminən 27 illik işğalından azad etdi. Bu hadisə təkcə bir rayonun azad olunması deyil, həm də tarixi ədalətin bərpası, xalqın milli qürurunun və birliyinin parlaq təntənəsi idi.

Zəngilan Qarabağın cənub-qərbində, Araz çayı sahilində yerləşən qədim bir Azərbaycan diyarıdır. Bu torpaq əsrlər boyu Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin və qəhrəmanlıq salnaməsinin bir parçası olmuşdur. Lakin 1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələri Zəngilan rayonunu işğal etmiş, əhalisi isə doğma yurd-yuvasından didərgin düşmüşdü. İllərlə Zəngilanın dağları, çayları və kəndləri düşmən tapdağı altında qaldı.

2020-ci ilin payızında başlayan Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu əməliyyatlar həyata keçirərək strateji əhəmiyyətli əraziləri azad etdi. 20 oktyabr 2020-ci ildə isə Zəngilan şəhərinin və rayonun əksər kəndlərinin işğaldan azad olunması xalqımız üçün böyük sevinc və qürur mənbəyinə çevrildi. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək bu tarixi xəbəri elan etdi:
“Bu gün Azərbaycan Ordusu Zəngilan şəhərini və bir neçə kəndi işğaldan azad etmişdir! Zəngilan bizimdir! Qarabağ Azərbaycandır!”

Zəngilanın azad olunması Azərbaycan Ordusunun cəsarətinin, dövlətin siyasi iradəsinin və xalqın birliyinin təntənəsidir. Bu zəfər həm də Şərqi Zəngəzur bölgəsində strateji üstünlüyün təmin olunmasına, Ermənistanla sərhədin nəzarət altına alınmasına və gələcəkdə regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə zəmin yaratdı.

Zəngilanın azad edilməsindən sonra qısa zamanda bərpa və quruculuq işlərinə start verildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Zəngilana səfər edərək yeni yolların, körpülərin, yaşayış massivlərinin və “ağıllı kənd” layihələrinin təməlini qoydular. Bu gün Zəngilan “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyası əsasında yenidən qurulur, müasir texnologiyalarla təchiz olunur.

Azadlığa qovuşan Zəngilan təkcə torpağın deyil, həm də ruhun qayıdışıdır. Bu gün orada yeni həyat başlayır – məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir, köçkün ailələr doğma yurdlarına qayıdır. Zəngilanın azadlığı gələcək nəsillərə vətən sevgisinin, milli birliyin və azadlıq uğrunda mübarizənin simvolu kimi ötürüləcək.

20 oktyabr Zəngilan şəhəri günü – qəhrəman ordumuzun, şəhidlərimizin və xalqımızın əzmini xatırladan bir tarixdir. Bu gün hər bir azərbaycanlının qəlbində qürurla anılır. Zəngilanın azadlığı Azərbaycanın bütövlüyü, ədalətin və haqqın qələbəsinin rəmzidir.

Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button