AnalitikaGündəmSosial

15 İyun Milli Qurtuluş Günü-tarixi Zəfərə gedən yolun başlanğıcı

15 İyun Azərbaycan xalqının tarixinə sadəcə bir təqvim günü kimi deyil, dövlətçiliyimizin xilas edildiyi, milli dirçəlişin əsasının qoyulduğu və bizi müasir tarixi zəfərlərimizə aparan yolun başlanğıcı kimi həkk olunub.

1993-cü ilin 15 iyununda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, daxili xaosdan və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bu gün həmin qayıdışın yaratdığı möhkəm təməl, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağda qazanılan tarixi Zəfərlə özünün ən yüksək zirvəsinə çatmışdır.

Azərbaycan1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası olduqca ağır və böhranlı bir dövr yaşayırdı. Ölkə eyni anda bir neçə cəbhədə ölüm-dirim savaşı verirdi. Dağlıq Qarabağ və ətraf rayonlar ard-arda işğal olunur, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü. Səriştəsiz idarəçilik ölkədə hakimiyyət boşluğu yaratmışdı. Müxtəlif qanunsuz silahlı qruplaşmalar paytaxtda və bölgələrdə özbaşınalıq edir, dövlət institutları iflic vəziyyətində qalırdı. 1993-cü ilin iyun ayında Gəncədə baş verən hadisələr ölkəni vətəndaş müharibəsinin astanasına gətirmişdi. Eyni zamanda, bəzi qüvvələr ölkənin cənub və şimal bölgələrində separatizm meyllərini alovlandırmağa çalışaraq Azərbaycanı parçalamaq planları qururdular. Belə bir məqamda xalq dövləti bu fəlakətdən xilas edə biləcək yeganə lideri – Naxçıvanda blokada şəraitində yaşayan və böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevi Bakıya dəvət etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix ölkənin siyasi xaosdan qurtulub inkişaf və sabitlik xəttinə qədəm qoyduğu gün oldu.”Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır böhrandan qurtarmasına həsr olunacaqdır.” Heydər Əliyevin ilk strateji addımları ölkəni daxildən möhkəmləndirməyə yönəldi. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı və qanunun aliliyi bərpa olundu. Cəbhədə “Əsrin müqaviləsi”nin imzalanması və ordunun yenidən qurulması üçün zaman qazandıracaq Bişkek protokolu imzalandı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanın neft strategiyasının təməli qoyuldu. Bu, ölkəyə xarici investisiya axınını təmin etdi və gələcək hərbi qüdrətimizin iqtisadi bazasını yaratdı.

15 İyun müstəqilliyimizin xilası idisə, bu yolun məntiqi davamı Azərbaycanın torpaqlarını işğaldan azad etmək və ərazi bütövlüyünü tam bərpa etmək idi. 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən davam etdirilən strateji kurs Milli Qurtuluş ideyalarını tamamilə yeni bir müstəviyə-Zəfər müstəvisinə daşıdı. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi 1993-cü ildə başlanmış daxili qurtuluş missiyasının xarici təcavüz üzərindəki parlaq qələbəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 illik işğala son qoyuldu. Şuşanın azad edilməsi, düşmənin kapitulyasiyası və 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror əməliyyatı ilə ölkə suverenliyini özünün bütün ərazilərində tam bərpa etdi. Bu gün Xankəndidə, Şuşada, Xocalıda dalğalanan üçrəngli bayrağımız 15 İyunda atılan addımların, göstərilən siyasi iradənin ən böyük hesabatı və bəhrəsidir.

15 İyun Milli Qurtuluş Günü sadəcə keçmişə boylanıb baxdığımız bir tarix deyil. Bu gün, Azərbaycanın bu gününü təmin edən, onu regionun lider dövlətinə çevirən və Şanlı Zəfərimizə yol açan müqəddəs bir dönüş nöqtəsidir. Heydər Əliyevin xilaskarlıq missiyası ilə başlayan bu yol, bu gün işğaldan azad edilmiş torpaqlarda qurulan “Ağıllı kəndlər”, açılan beynəlxalq hava limanları və Böyük Qayıdış layihələri ilə gələcəyə doğru inamla davam edir.

Bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan müstəqil və yeni Azərbaycanda əsası Ümummilli Lider tərəfindən 15 iyunda müəyyənləşdirilən siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Şanlı Zəfər təntənəsinin qalibiyyət ruhu ilə yaşayan Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilibdir və xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.

Qəhrəman Qasımov,
Nizami rayonu 238 saylı orta məktəbin müəllimi, Əməkdar müəllim, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button