AnalitikaGündəmSiyasət

Qalib Azərbaycanın quruculuq mərhələsində YAP-ın məsuliyyəti

Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi xalqımızın tarixi arzusunu reallığa çevirdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə suverenliyin bütün ərazilərimizdə bərpası Azərbaycanın dövlətçilik gücünü nümayiş etdirdi. İndi qarşıda duran əsas vəzifələrdən biri bu tarixi nailiyyətləri quruculuq və inkişafla möhkəmləndirməkdir.

Yeni Azərbaycan Partiyası 1992-ci ildə yarandığı gündən etibarən Azərbaycanın ərazi bütövlüyünün bərpasını milli məqsəd kimi müdafiə edib. Ümummilli Lider Heydər Əliyev torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını və ölkənin suverenliyinin təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi. Bu məqsəd sonrakı illərdə də dövlətin strateji prioriteti olaraq qaldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Yeni yollar, körpülər, tunellər, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. Müasir infrastrukturun yaradılması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılmasına və həmin ərazilərdə həyatın bərpasına xidmət edir.

Quruculuq prosesinin uğurlu olması üçün yalnız infrastrukturun yenilənməsi kifayət deyil. Yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, təhsil və səhiyyə xidmətlərinin təşkili, sosial təminatın gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıdan insanların rahat yaşayışı üçün kompleks tədbirlər görülür.

Yeni Azərbaycan Partiyasının 34 illik yubileyi qalib Azərbaycanın qarşısında duran bu böyük vəzifələri bir daha gündəmə gətirir. Tarixi Zəfərimizin davamı olan quruculuq prosesində hər bir dövlət qurumunun, ictimai təşkilatın və vətəndaşın üzərinə məsuliyyət düşür. Məqsədimiz azad edilmiş torpaqları inkişaf edən, müasir və firavan yaşayış məkanlarına çevirməkdir.

Yasəmən Kərimova,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button