AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şuşaya gedən Zəfər yolu

Azərbaycanın müasir tarixində 8 noyabr 2020-ci il müstəsna əhəmiyyətə malikdir. Həmin gün Şuşanın işğaldan azad edilməsi ilə Azərbaycan xalqının uzun illər qəlbində yaşatdığı ən böyük arzularından biri gerçəkləşdi. Bu tarixi qələbə xalqın birliyinin, dövlətin gücünün, ordunun qüdrətinin və Ali Baş Komandanın qətiyyətli iradəsinin nəticəsi kimi tarixə düşdü.

Prezident İlham Əliyev müharibənin ilk günlərindən etibarən siyasi və hərbi proseslərə yüksək səviyyədə rəhbərlik edərək Azərbaycan xalqının qarşısında duran tarixi vəzifənin yerinə yetirilməsini təmin etdi. Dövlət başçısının qətiyyətli mövqeyi, diplomatik fəaliyyəti və hərbi strategiyası ölkəmizin beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, Ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar üçün mühüm zəmin yaratdı. Ali Baş Komandanın hər bir çıxışı xalqda qələbəyə inamı daha da artırırdı.

Şuşa əməliyyatı Azərbaycan Ordusunun hərbi hazırlığının, xüsusi təyinatlıların döyüş bacarığının və yüksək mənəvi-psixoloji hazırlığının bariz nümunəsi oldu. Hərbçilərimiz dağlıq ərazidə, çətin keçidlərdə və ağır döyüş şəraitində irəliləyərək şəhərə daxil oldular. Müasir hərb tarixində özünəməxsusluğu ilə seçilən bu əməliyyat Azərbaycan əsgərinin iradəsinin və peşəkarlığının göstəricisinə çevrildi.

Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu və noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi Şuşanın azad olunması xəbəri milyonlarla insanın sevincinə səbəb oldu. Bu xəbər təkcə hərbi qələbənin deyil, milli qürurun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsi idi.

Bu gün Şuşada dalğalanan Azərbaycan Bayrağı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfərin ən aydın rəmzidir. Şəhərdə aparılan bərpa işləri, mədəni tədbirlər və Böyük Qayıdış prosesi qələbənin davam edən nəticələridir. Şuşa Şəhəri Günü Azərbaycan xalqının öz liderinə, ordusuna və tarixi torpaqlarına bağlılığını ifadə edən əlamətdar gündür.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button