Şuşanın azad olunması tarixi ədalətin və milli iradənin təntənəsidir

8 noyabr Azərbaycan tarixininə qızıl hərflərlə yazılmış ən şanlı və unudulmaz günlərdən biridir. Bu əlamətdar tarix həm də ölkəmizdə rəsmi olaraq Şuşa Şəhəri Günü kimi qeyd olunur.
Qarabağın tacı və incisi hesab edilən Şuşa şəhəri 2020-ci ilin noyabr ayında erməni işğalından azad edilmişdir. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini və gedişatını kökündən dəyişdirən həlledici amil oldu. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bu əməliyyat dünya hərb tarixinə düşdü. Uzun illər həsrətində olduğumuz doğma yurd yerimizə qovuşmaq xalqımızın mənəvi qürurunu özünə qaytardı.
Şuşa şəhərinin düşmən tapdağından azad olunması xəbəri bütün Azərbaycan xalqı tərəfindən böyük sevinc və göz yaşları ilə qarşılandı. Həmin gün hər bir azərbaycanlı özünü tarixin şahidi kimi hiss edərək misilsiz bir qələbə sevinci yaşadı. Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” ifadəsi hər bir vətəndaşın ürəyinin səsinə çevrildi.
Bu tarixi qələbə Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmayacağının və haqq uğrunda mübarizə aparacağının sübutu oldu. Şuşa uğrunda gedən döyüşlər əsl qəhrəmanlıq, igidlik və fədakarlıq dastanına çevrildi. Azərbaycan əsgər və zabitləri demək olar ki, mümkünsüz olanı bacararaq sıldırımlı qayaları dırmaşıb şəhəri düşməndən təmizlədilər. Şuşanın azad olunması düşmənin müdafiə xəttini tamamilə darmadağın etdi və kapitulyasiya aktına imza atılmasını şərtləndirdi. Bu şanlı zəfər nəticəsində ərazi bütövlüyümüz bərpa olundu və tarixi ədalət öz yerini tapdı.
Şuşa Şəhəri Günü həm də Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs gündür. Azərbaycanın mübariz oğulları öz qanları bahasına bu torpaqlarda yenidən üçrəngli bayrağımızı dalğalandırdılar. Qazilərimizin göstərdiyi şücaət gələcək nəsillər üçün hər zaman əsl Vətən sevgisi dərsi olaraq qalacaqdır.
İşğal illərində dağıdılmış, viran qoyulmuş Şuşa şəhərində bu gün tamamilə yeni bir həyat başlayıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində qədim şəhərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şuşanın tarixi siması qorunub saxlanılmaqla yanaşı, müasir standartlara cavab verən infrastrukturlar da yaradılır. Qısa müddət ərzində şəhərdə bir çox tarixi-mədəni abidələr əsaslı şəkildə bərpa olunaraq yenidən istifadəyə verilib. Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın ev-muzeyləri əvvəlki görkəminə qaytarılaraq öz doğma qonaqlarını qəbul etməyə başlayıb. Şuşada keçirilən ənənəvi “Xarıbülbül” musiqi festivalı və müxtəlif beynəlxalq tədbirlər şəhərin mədəni həyatını dirçəldib. Artıq Şuşa şəhəri dünyanın müxtəlif ölkələrindən gələn qonaqların, turistlərin və rəsmi nümayəndələrin sevimli məkanına çevrilib.
Keçmiş məcburi köçkünlərin öz doğma evlərinə qayıdışı Böyük Qayıdış proqramı çərçivəsində uğurla həyata keçirilir. Şuşalılar illər sonra ata-baba yurdlarına dönərək orada əbədi yaşamaq hüquqlarını bərpa edirlər. Bu qayıdış prosesi Azərbaycan xalqının quruculuq əzminin və sarsılmaz iradəsinin bariz nümunəsidir.
Şuşa Şəhəri Günü həm də gənc nəslin milli-mənəvi ruhda tərbiyə olunmasında mühüm rol oynayır. Məktəblilər və gənclər Şuşanın tarixini, onun Azərbaycan mədəniyyətindəki misilsiz yerini dərindən öyrənirlər. Şuşa sadəcə coğrafi məkan deyil, həm də xalqımızın milli kimliyinin və ruhunun ayrılmaz hissəsidir.Dahi şairlərin, bəstəkarların və sənətkarların beşiyi olan bu müqəddəs torpaq yenə də elmi-mədəni mərkəz kimi parıldayır. Azərbaycan dövləti Şuşanın həm tarixi irsinin qorunması, həm də gələcək inkişafı üçün hər cür səy göstərir.
8 noyabr tarixi bütün dünyaya Azərbaycan xalqının gücünü, birliyini və haqq ədaləti bərpa etmək əzmini nümayiş etdirdi. Hər il bu tarixdə xalqımız şəhidlərin ruhuna ehtiramını bildirir, qələbə sevincini bir daha qürurla yaşayır. Şuşa küçələrində yenidən Azərbaycan dilinin səsi, gözəl musiqilər və uşaqların şən gülüşləri eşidilir. Şəhərin hər bir daşında, hər bir qayasında tariximizin izləri ilə yanaşı, həm də qələbənin qüruru yaşayır. Bu gün Şuşa işğalın izlərindən tamamilə təmizlənərək dünyanın ən gözəl və abad şəhərlərindən birinə çevrilməkdədir. Gələcək nəsillər üçün azad və abad bir Şuşa miras qoymaq bu gün hər birimizin qarşısında duran əsas vəzifədir. Azərbaycan bayrağının Şuşa səmasında əbədi dalğalanması xalqımızın qürur mənbəyidir.
8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın əbədi yaddaşında hər zaman şərəf, ləyaqət və qələbə rəmzi kimi qalacaqdır.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı



