
Təhsil cəmiyyətin gələcəyini müəyyən edən əsas sahələrdən biridir. Təhsil müəssisələrində sağlam mənəvi mühitin formalaşdırılması, nizam-intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan təhsilalanların və təhsilverənlərin geyim qaydaları, xüsusilə vahid məktəbli formasının tətbiqi təhsil mühitinin təşkilində mühüm rol oynayır.
Vahid məktəbli forması məktəbdə ümumi qayda və intizamın qorunmasına, şagirdlər arasında sosial fərqlərin geyim vasitəsilə ön plana çıxmasının qarşısının alınmasına və diqqətin tədris prosesinə yönəldilməsinə xidmət edir. Eyni geyim tərzi şagirdlərdə kollektivə mənsubiyyət hissini gücləndirir, məktəb ənənələrinə hörmət və məsuliyyət anlayışlarının formalaşmasına müsbət təsir göstərir.
Məktəbli formasının əsas məqsədi yalnız zahiri görünüşün vahidliyini təmin etmək deyil. Bu, eyni zamanda, təhsil müəssisəsinin daxili qaydalarına riayət olunmasının, məsuliyyətli davranışın və məktəb mədəniyyətinin təşviq edilməsinin bir vasitəsidir. Şagirdlərin geyimində sadəlik, səliqəlilik və uyğunluq təhsil mühitinin ciddiliyini qorumağa kömək edir.
Təhsilalanlarla yanaşı, təhsilverənlərin geyim mədəniyyəti də xüsusi əhəmiyyət kəsb edir. Müəllim yalnız bilik verən şəxs deyil, həm də davranışı, ünsiyyəti və şəxsi nümunəsi ilə şagirdlərin dünyagörüşünün formalaşmasına təsir göstərən pedaqoqdur. Müəllimin səliqəli, peşəkar və təhsil mühitinə uyğun geyimi onun fəaliyyətinə olan hörmətin ifadəsi olmaqla yanaşı, şagirdlərdə də estetik zövqün və geyim mədəniyyətinin inkişafına töhfə verir.
Vahid geyim qaydalarının tətbiqində valideynlərin, məktəb rəhbərliyinin və pedaqoji kollektivin üzərinə də mühüm vəzifələr düşür. Bu qaydalar şagirdlərin yaş xüsusiyyətləri, rahatlığı və sağlamlığı nəzərə alınmaqla həyata keçirilməli, məktəbli formasının əldə edilməsində ailələrin sosial imkanları da diqqətdə saxlanılmalıdır. Məqsəd hər bir şagirdin təhsil prosesində özünü rahat, bərabərhüquqlu və məktəb kollektivinin üzvü kimi hiss etməsidir.
Müasir təhsil mühitində geyim qaydalarına riayət etmək şagirdlərə ümumi qaydalara hörmət etməyi, özünə və ətrafdakılara qarşı məsuliyyətli davranmağı öyrədir. Bununla belə, məktəbdə əsas diqqət şagirdin geyiminə deyil, onun biliyinə, bacarıqlarına, davranışına və şəxsi inkişafına yönəldilməlidir. Vahid forma təhsilin keyfiyyətini özlüyündə müəyyən etməsə də, düzgün təşkil olunduqda nizamlı və sağlam məktəb mühitinin formalaşmasına dəstək verir.
Nəticə etibarilə, təhsilalanların və təhsilverənlərin geyim qaydaları məktəb həyatının mühüm tərkib hissəsidir. Vahid məktəbli forması bərabərlik, intizam, səliqəlilik və kollektiv məsuliyyət kimi dəyərlərin təşviqinə xidmət edir. Bu qaydaların məqsədəuyğun şəkildə tətbiqi, müəllimlərin nümunəvi davranışı və valideynlərin dəstəyi məktəbdə qarşılıqlı hörmətə əsaslanan təhsil mühitinin formalaşmasına və gənc nəslin məsuliyyətli vətəndaş kimi yetişməsinə töhfə verir.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



