GündəmSiyasət

YAP-ın VIII Qurultayının qarşıya qoyduğu yeni hədəflər müzakirə edilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Bəhruz Nuriyev 10A” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib. O qeyd edib ki, Prezident, YAP sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər partiyanın qarşıdakı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

YAP-ın VIII Qurultayının iştirakçısı, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev çıxışında qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O qeyd edib ki, qarşıya qoyulan yeni vəzifələrin icrasında yerli özünüidarəetmə orqanlarının da üzərinə mühüm məsuliyyət düşür. Vüqar Quliyev bələdiyyələrin fəaliyyətində vətəndaş məmnuniyyətinin əsas prinsiplərdən biri olduğunu, əhalinin müraciətlərinə həssas və diqqətli yanaşılmasının, vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

“Bəhruz Nuriyev 10A” ərazi partiya təşkilatının sədri Heydər Rəhimov çıxış edərək YAP-ın VIII Qurultayında müəyyənləşdirilən prioritetlərin yerli təşkilatların fəaliyyətində də əsas istiqamətlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, ərazi partiya təşkilatları əhali ilə əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinin dinlənilməsi və onların narahat edən məsələlərin aidiyyəti üzrə çatdırılmasında mühüm rol oynayır. Heydər Rəhimov qeyd edib ki, vətəndaşlarla açıq və səmərəli ünsiyyətin qurulması cəmiyyətin dövlət və ictimai institutlara etimadının daha da möhkəmlənməsinə xidmət edir.

Nizami Bələdiyyəsinin şöbə müdiri Müjgan Məmmədzadə çıxışında bələdiyyə əməkdaşlarının vətəndaşlarla gündəlik ünsiyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, müraciətlərin diqqətlə dinlənilməsi, problemlərin öyrənilməsi və onların həlli istiqamətində müvafiq addımların atılması vətəndaş məmnuniyyətinin təmin olunmasının mühüm şərtlərindəndir. Müjgan Məmmədzadə bələdiyyə əməkdaşlarının fəaliyyətində peşəkarlıq, məsuliyyət və vətəndaşlara diqqətli münasibətin əsas prinsiplərdən olduğunu vurğulayıb.

Tədbir zamanı Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflər, qarşıdakı dövrdə partiya təşkilatlarının qarşısında duran vəzifələr, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, vətəndaş məmnuniyyətinin təmin olunması və əhali ilə əlaqələrin daha da gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Oxşar Xəbərlər

Back to top button