
Müasir dövrdə siyasi proseslərin mühüm hissəsi informasiya məkanında baş verir. Buna görə YAP VIII Qurultayının əhəmiyyətli istiqamətlərindən biri siyasi kommunikasiya və informasiya təhlükəsizliyi məsələlərinə yeni yanaşmaların formalaşdırılmasıdır. İnformasiya texnologiyalarının sürətli inkişafı siyasi təşkilatların cəmiyyətlə münasibətlərini köklü şəkildə dəyişib. Artıq siyasi mesajın yalnız məzmunu deyil, onun hansı formada, hansı sürətlə və hansı auditoriyaya çatdırılması da mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın son illərdə üzləşdiyi informasiya təzyiqləri göstərir ki, dövlətin təhlükəsizliyi yalnız fiziki sərhədlərlə məhdudlaşmır. Dezinformasiya, saxta xəbərlər, manipulyativ kampaniyalar və xarici informasiya təsirləri cəmiyyətin ictimai rəyinə təsir göstərə bilər. Prezident İlham Əliyevin informasiya siyasətində milli maraqların qorunması və Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması mühüm yer tutur. Bu fəaliyyətin siyasi və ictimai dayaqlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
YAP-ın qarşısında duran əsas vəzifələrdən biri informasiya cəmiyyətinin xüsusiyyətlərini düzgün anlamaqdır. Partiya üzvləri və fəalları informasiya istehlakçısı olmaqla yanaşı, həm də informasiya mühitinin formalaşmasında iştirak edən şəxslərdir. Buna görə siyasi məlumatların dəqiq, əsaslandırılmış və məsuliyyətli şəkildə yayılması vacibdir. Siyasi rəqabətin informasiya müstəvisində aparılması ictimai etimadın qorunmasına xidmət edən yüksək kommunikasiya mədəniyyəti tələb edir.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində informasiya ilə iş və ictimaiyyətlə birbaşa ünsiyyət xüsusi əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyev siyasi fikirlərini cəmiyyətə aydın və ardıcıl şəkildə çatdırmaqla ictimai proseslərin düzgün istiqamətləndirilməsinə mühüm təsir göstərirdi. Müasir dövrdə həmin kommunikasiya fəlsəfəsi rəqəmsal platformaların imkanları ilə zənginləşdirilməlidir.
YAP VIII Qurultayı siyasi kommunikasiya sahəsində yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Gənclərin rəqəmsal mühitdə fəallığı, sosial şəbəkələrin ictimai rəyə təsiri və süni intellekt texnologiyalarının sürətli yayılması siyasi təşkilatlardan yeni yanaşmalar tələb edir. YAP-ın informasiya siyasətində peşəkarlıq, operativlik və milli məsuliyyət prinsiplərinin gücləndirilməsi Azərbaycanın siyasi sabitliyinin və informasiya təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.
Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri



